Əlillərin və şəhid ailələrinin mənzillə təminatı şəffafdır TƏKZİB

Əlillərin və şəhid ailələrinin mənzillə təminatı şəffafdır TƏKZİB

Bu gün Azərbaycanda əlilliyi olan şəxslərin maddi və mənəvi tələbatlarının ödənilməsi dövlətin sosial siyasətinin əsas tərkib hissələrindən biridir. Əlil vətəndaşlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən konkret işlər görülür. Ölkənin müxtəlif regionlarında dövlət vəsaiti hesabına çoxmənzilli və fərdi yaşayış evləri inşa etdirilərək mənzilə ehtiyac duyan əlillərin istifadəsinə verilir. İndiyədək 5000-dək əlil vətəndaşa, o cümlədən Qarabağ müharibəsi zamanı ölkənin ərazi bütövlüyünün müdafiəsi naminə həlak olmuş insanların ailələrinə müasir tələblərə cavab verən yeni mənzillər verilib, xeyli sayda əlil müxtəlif reabilitasiya vasitələri ilə təmin edilib. Bu müsbət dinamika yaxın illərdə növbədə olan bütün əlil və şəhid ailələrinin mənzillə təmin olunacağını deməyə əsas verir. Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 17 noyabr 2011-ci il tarixində Qəbələdə 36 mənzilli binanın açılışında iştirak edərkən bildirmişdir ki: "Növbəti bir neçə il ərzində növbədə dayanan hər bir əlil və şəhid ailəsi gözəl mənzillərlə təmin ediləcək". Bunu SİA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat veriblər.

Qeyd ədək ki, Azərbaycanın ərazi bütövlüyünün və Konstitusiya quruluşunun müdafiəsi zamanı fiziki sağlamlıqlarını itirmiş vətəndaşlar dövlət hesabına mənzillə təmin edilmək üçün yaşadıqları rayon (şəhər) İcra Hakimiyyətlərində mənzil növbəsinə götürülürlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq yaşayış yeri üzrə inşa etdirilmiş yaşayış evlərindəki mənzillərin bölgüsü rayon (şəhər) İcra Hakimiyyətlərindən məktubla təqdim olunmuş növbəlilik siyahıları üzrə və nazirlikdə yaradılmış müvafiq xüsusi Komissiya tərəfindən həyata keçirilir.

Həmin Komissiyanın işində şəffaflığın daha da artırılması məqsədilə Komissiyanın tərkibinə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nümayəndələri, ayrı-ayrı əlil təşkilatlarının sədrləri də daxil edilib.

Bütün bunlara baxmayaraq bəzi mətbu orqanlar öz nəşrlərində böhtan xarakterli yazılar dərc edir və əhalidə səhv fikir formalaşdırmağa çalışırlar. Həmin mətbu orqanlar öz yazılarında haqsız olaraq bildirirlər ki, nazirlik mənzillərin verilməsində nöqsanlara yol verir.

Məlumat üçün bildirək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində "etimad telefonu" fəaliyyət göstərir. 142 saylı "qaynar xətt" günün bütün saatlarında vətəndaşların zənglərini qəbul edir. Bu nömrəyə zəng edən istənilən vətəndaş əlillik dərəcəsi, məşğulluq təminatı məsələləri, əmək və əhalinin sosial müdafiə mərkəzlərindəki nöqsanlar və nazirliyin səlahiyyətinə aid digər sosial problemlər barədə məlumat verə və müvafiq cavab ala bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə