Narkotiklərə qarşı mübarizə davam edir

Narkotiklərə qarşı mübarizə davam edir

Masallı rayon Gənclər Mərkəzində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının həmçinin Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə gənclərin zərərli vərdişlərə qarşı mübarizə aparılması məqsədilə tədbir keçirilib. SİA-nın məlumatına görə, 48 nəfərin iştirak etdiyi tədbiri giriş sözü ilə açan, rayon İcra Hakimiyyəti başçısı aparatının I müavini Nadir Abıyev çıxış edərək bildirib ki, narkomaniyaya qurşananların sayının getdikcə artması bu problem ətrafında xeyli düşünməyə əsas verir.

Təəssüflə qeyd etmək lazımdır ki, bu problem və onun həlli yolunda atılan addımlar bütün respublikada olduğu kimi rayonumuzdada aktual olaraq qalır. Bunları nəzərə alaraq rayonumuzda konkret tədbirlər planı müəyyənləşdirilərək vaxtaşırı gənclərlə görüşlər, mühazirələr və seminarlar keçirilir.

Tədbirdə Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının sədri çıxş edərək bildirib ki,gənclər arasında son vaxtlar daha çox yayılan istər dövləti, istərsə də cəmiyyətin bütün spektrini ciddi düşündürən digər bir zərərli vərdiş, yeni bir bəla var bunun adı narkomaniyadır. Bəzən bu bəlanı "ağ ölüm"də adlandırırlar. Təəssüflər olsun ki, verilən statistik məlumatlardan sayı milyonlarla ölçülən gənclərin narkoticarətin tilovuna düşdüyü bəlli olur. Artıq bu bəla dünyanı narahat edən ən böyük və həlli çətin problemlər sırasındadır.

Masallı rayon Gənclər və İdman idarəsinin rəisi Camal Manafovun məruzəsi dinlənilib. O bildirib ki, son vaxtlar gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması istiqamətində çoxlu sayda tədbirlər görulür, lakin gəncləri bu bəladan qurtarmaq üçün təkcə onları məlumatlandırmaq kifayət etmir. Onların asudə vaxtlarının səmərəli təşkili, keyfiyyətli təhsillə təmin edilmələri, öz təşəbbüslərini gerçəkləşdirə biləcəyi mühitin formalaşdırılması və onlara xidmət göstərə biləcək strukturların yaranması vacibdir.

Tədbirdə Masallı rayon Polis şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin rəisi Cavid Məmmədov çıxış edərək bildirib ki, gənclər arasında son vaxtlar daha çox yayılan və istər dövlətin, istərsə də cəmiyyətin bütün spektrini ciddi düşündürən digər bir zərərli vərdiş narkomaniyadır.

Daha sonra Masallı rayon Təhsil şöbəsinin müəllimi Münəvvər Əzimova, Masallı Rayon Mərkəzi Xəstəxanasının həkimi Nazir Rufullayev, Masallı rayon Prokurorluğunun əməkdaşı Tural Nəbiyev, rayon gənclərindən Camələddin Məmmədov və başqaları çıxış edərək bildiriblər ki, narkomaniya ilə mübarizədə təbliğatın kütləvi aksiyalarla aparılması, təhsil müəssisələrinin təbliğat materialları ilə təmin edilməsi, şagird və tələbələri narkomaniyanın fəsadları barədə məlumatlandırmaq, narkomaniyaya həssas təbəqə olan gənclərlə treninqlərin keçirilməsi narkomaniya ilə mübarizədə müsbət yönümdə müəyyən dəyişikliklərə səbəb olur.

Sonda tədbir iştirakçılarına bukletlər paylandı.

Bütün xəbərlər Facebook səhifəmizdə