Misirli tələbələr ATGTİ-nin qonağı olub

Misirli tələbələr ATGTİ-nin qonağı olub

Ölkələrimiz arasında gənclərin beynəlxalq əməkdaşlığı çərçivəsində Azərbaycanda səfərdə olan Misirin Ayn-Şəms Universitetinin "Ədəbiyyat və dillər" fakültəsinin Azərbaycan bölməsinin bir qrup tələbəsi dünən ölkənin ən böyük tələbə təşkilatı olan Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) qərargahında qonaq olub. ATGTİ-nin mətbuat katibi Məcid Musayevin SİA-ya verdiyi məlumata görə, qonaqları salamlayan ATGTİ-nin sədri Şahin İsmayılov onlara təşkilat haqqında ətraflı məlumat verərək qeyd edib ki, bu günə qədər İttifaqın təmsilçiləri dünyanın 30-dan çox ölkəsində keçirilən beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil ediblər. Təşkilatın internet imkanlarına da toxunan Ş.İsmayılov bildirdi ki, bu gün ATGTİ-nin "facebook", "google+" kimi böyük sosial şəbəkələrində, "twitter" mikrobloqunda hər gün yenilənən rəsmi səhifələri var və bu da öz növbəsində təşkilatın beynəxalq aləmlə informasiya mübadiləsinə geniş imkan yaradır.

Görüşün davamında misirli gənclərlə dilimizin öyrənilməsi və bu istiqamətdə canlı ünsiyyətin əhəmiyyəti haqqında müzakirələr aparılıb. ATGTİ tərəfi Misir nümayəndə heyətinə "Skayp" vasitəsi ilə onların Azərbaycan dili biliklərinin inkişaf etdirilməsi üçün müxtəlif video-konfransların keçirilməsini təklif edib. Öz növbəsində Misir tərəfi bu təklifi çox bəyənib və dəyərləndirəcəklərini bildirib.

Sonda qonaqlara ATGTİ-nin hazırladığı ilk dəfə Azərbaycanda baş vermiş 50 faktı özündə birləşdirən "Bilirsənmi?!" kitabı təqdim edilib və xatirə şəkli çəkdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə