"Gənc ailələrlə bağlı problemlər var" AÇIQLAMA

Musa Quliyev: "Bunların kompleks şəkildə həlli üçün qanunun hazırlanması vacibdir"
"Gənc ailələrlə bağlı problemlər var" AÇIQLAMA

Milli Məclisin Sosial-siyasət Komitəsində gənc ailələrin sosial müdafiəsi ilə bağlı qanun layihəsi işlənilir və Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq. Belə bir qanunun qəbul olunmasına ilk növbədə ölkədə sosial sifariş mövcuddur. SİA-nın xəbərinə görə, bunu SəsTV-yə açıqlamasında Milli Məclisin Sosial-siyasət komitəsinin sədr müavini, millət vəkili Musa Quliyev deyib.

Onun sözlərinə görə, ailə quran gənclərin əksəriyyətinin ya mənzili ya da olan mənzilinin yaxşılaşdırılmasına, genişləndirilməsinə çox böyük ehtiyac vardır: "Bununla belə gənc ailələrlə bağlı digər problemlər də var və bunların kompleks şəkildə həlli üçün qanunun hazırlanması vacibdir. Ümumiyyətlə, gənc ailələrin sosial problemlərini bir neçə istiqamətə ayırmaq olar. Bunlardan ən mühümü mənzil-məişət, məşğulluq, yeni qurulan ailədən sonra övladın dünyaya gəlməsi ilə bağlı yaranmış sonsuzluq və ailələrdə meydana gələn psixoloji problemlərdir. Bütün bunların hər birini adı çəkilən qanun layihəsi ilə aradan qaldırmağı nəzərdə tuturuq. İlk növbədə mənzil məsələsinin həlli üçün düşünürük ki, sosial ipotekanın şərtləri yumşadılmalı, verilmə müddəti uzadılmalı, məbləği artırılmalı və faizlər aşağı salınmalıdır ki, gənc ailələr öz ailə büdcəsinə çox ciddi ziyan vurmadan mənzillə təmin olunsunlar".

M.Quliyev deyib ki, başqa layihədə nəzərdə tutulan müddəa ondan ibarətdir ki, əgər təyinat yerinə getmiş gənclər ailə qurursa onlara getdiyi ərazidə boş mənzilləri təmir edib onlara vermək və yaxud onlara güzəştli şərtlərlə bələdiyyədən torpaq sahəsi ayırmaq, satmaq və həmin torpaqda evin tikilməsi üçün sudalar, güzşətli kreditlərin ayrılmasının nəzərdə tutulmasıdır: "Gənclərin digər bir problemi nigaha daxil olan şəxslərin məşğulluğu ilə bağlıdır. Bundan ötrü də düşünürük ki, gənc ailələrə məşğulluq kvotası vermək lazımdır ki, onlar ilk növbədə işlə təmin oluna bilsinlər. Və yaxud onların yaşadıqları ərazidə ixtisaslarına uyğun iş yoxdursa Dövlət Məşğulluq Xidmətinin (DMX) vəsaiti hesabına onlar ixtisaslarını dəyişərək yeni ixtisas əldə etsinlər ki, həm öz ailələrini saxlasınlar həm də cəmiyyət üçün faydalı əməklə məşğul olsunlar. Başqa məsələ isə ondan ibarətdir ki, ailədə ən əsas övlad problemidir. Çox təəssüflər olsun ki, sonsuzluq problemi dünyada olduğu kimi Azərbaycanda da vardır. Bunun ekoloji, nevrogen, psixogen təsirləri də var. Həmçinin qidalanma, sağlamlığın pozulması ilə bağlı təsirləri də mövcuddur. Bunun da aradan qaldırılması üçün gənc ailələrin dövlət tibb məssisələrində vaxtı-vaxtında müayinəsi eləcə də onlara profilaktik məsləhətlərin verilməsi və lazım gələrsə dövlət vəsaiti hesabına müalicəyə cəlb olunması da qanunda öz əksini tapacaq".

O, həmçinin sözlərinə əlavə etdi ki, gənc ailələrin digər problem psixoloji vəziyyətlə ilə bağlıdır: "Məhz bu da ailənin dağılmasının başlıca səbəblərdən biridir. Belə ki, gəlin getdiyi yeni ailənin köhnə qaydalarına uyğunlaşa bilmir və yaxud ərlə arvad arasında evliliyin ilk illərində müəyyən problemlər yaranır. Həmçinin yeni dünyaya gəlmiş uşağın böyüdülməsi, tərbiyəsi ilə bağlı çətinliklər olur və s. Bunun üçündə gənc ailəyə qanun layihəsində psixoloji dəstək, psixoloji yardım mərkəzlərinin yaradılması nəzərdə tutulub. Ümumiyyətlə, bu qanunun qəbul olunması Azərbaycanda ailə institutunun möhkəmlənməsinə, dövlətin ailə siyasətinin hüquqi bazasını genişləndirəcək və ənənəvi Azərbaycan ailəsinin uzun ömürlü olmasına xidmət edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə