Türkiyənin zəfər bayramı qeyd edilib

Türkiyənin zəfər bayramı qeyd edilib

Bu gün Türkiyənin Azərbaycandakı səfirliyində "Zəfər bayramı və Türk Silahlı Qüvvələri günü" münasibətilə rəsmi qəbul təşkil edilib. SİA-nln xəbərinə görə, qəbulda səfirliyin və Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşeliyinin əməkdaşları, Türk Sənayeçi və İş Adamları Beynəlxalq Cəmiyyətinin (TÜSİAB), Azərbaycan- Türkiyə İş adamları Birliyinin (ATİB) təmsilçiləri, dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin Bakıdakı səfirləri və digərləri iştirak ediblər.

Əvvəlcə Heydər Əliyev adına Ali Hərbi Məktəbin orkestr qrupunun ifasında Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.

Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç tarixə nəzər salaraq türk xalqının və Türkiyə Silahlı Qüvvələrinin Mustafa Kamal Atatürkün rəhbərliyi ilə 1922-ci il avqustun 30-da tarixi zəfər qazandığını bildirib. O qeyd edib ki, bu böyük zəfər türk millətinin sarsılmazlığının və iradəsinin nümunəsidir. Nəticədə bugünkü Türkiyə dövləti meydana gəlib.

Diplomat böyük öndər Atatürkün "Yurdda sülh, cahanda sülh" nəsihətini rəhbər tutan Türkiyə ordusunun hazırda ən güclü ordulardan olduğunu, bu ölkənin hərbçilərinin dünyanın müxtəlif bölgələrində sülhməramlı missiyanı yerinə yetirdiklərini diqqətə çatdırıb.

Səfir ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamını xatırladaraq bu tarixi günü qardaş Azərbaycanda qeyd etməyin böyük qürur doğurduğunu vurğulayıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxunan diplomat regionda sülh və əmin-amanlığın təmin edilməsi üçün problemin tezliklə beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həll olunacağına ümidvar olduğunu diqqətə çatdırıb.

Tədbir Azərbaycan sənətçiləri və Heydər Əliyev adına Ali Hərbi Məktəbin orkestr qrupunun ifasında konsert proqramı ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə