YAP gəncləri "Molodaya Qvardiya"nın qurultayında iştirak ediblər

YAP gəncləri "Molodaya Qvardiya"nın qurultayında iştirak ediblər

Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin nümayəndə heyəti Rusiyanın hakim "Yedinaya Rossiya" Partiyasının gənclər təşkilatı olan "Molodaya Qvardiya" təşkilatının qurultayında iştirak etmək üçün bu ölkənin Lipetsk şəhərində səfərdə olub.

Nümayəndə heyətini YAP Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov və partiyanın Nizami rayon təşkilatı Gənclər Birliyinin sədri Əli Pənahov təmsil edib. Səfər barədə yap.org.az saytına məlumat verən Ramin Məmmədov "Molodoya Qvardiya" təşkilatının qurultayında 30-a qədər ölkədən gənclər təşkilatlarının nümayəndələrinin qonaq qismində iştirak etdiyini bildirib.

Qurultayın iki hissədən ibarət olduğunu deyən R.Məmmədovun sözlərinə görə, tədbirin birinci günü Rusiyanın rəsmi şəxsləri ilə, o cümlədən RF-nin Mərkəzi Seçki Komissiyasının sədri, Lipetskin qubernatoru ilə görüşlər keçirilib. Bu görüşlərdə dövlətin seçki və idarəçilik sistemi, eləcə də digər sahələrlə bağlı məlumatlar verilmiş, xarici qonaqları maraqlandıran suallar cavablandırılıb.

Növbəti gün isə qonaqlar "Molodaya Qvardiya" təşkilatının ənənəvi təşkil etdiyi Ümumrusiya Təhsil Düşərgəsində iştirak edib. Düşərgədə təmsil olunan gənclərlə, o cümlədən Rusiya Dövlət Dumasının deputatları ilə görüşlər keçirilib, müxtəlif siyasi və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Qurultayda "Molodaya Qvardiya" təşkilatının yeni rəhbər heyəti seçilib. Səfər çərçivəsində YAP Gənclər Birliyinin nümayəndə heyətinin üzvləri "Molodaya Qvardiya" təşkilatının koordinasiya şurasının sədri Maksim Rudnevlə görüşüb. Görüş zamanı hər iki təşkilat arasında əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb. İkitərəfli əlaqələrin daha da güclənməsi üçün böyük imkanların olduğunun vurğulandığı görüşdə YAP Gənclər Birliyinin nümayəndələri Maksim Rudnevi Bakıya səfərə dəvət edib.

YAP Gənclər Birliyinin nümayəndə heyətinin üzvləri səfər çərçivəsində digər ikitərəfli görüşlər də keçirib. Belə ki, "DEMYC" Avropa gənclər təşkilatının sədri Antonio de Lucia ilə görüşdə YAP Gənclər Birliyinin bu qurumla əməkdaşlıq perspektivləri müzakirə olunub. Əldə olunmuş razılığa əsasən "DEMYC" təşkilatının müxtəlif tədbirlərində YAP Gənclər Birliyinin nümayəndələri də iştirak edəcəklər.

Eləcə də, Ukraynanın Regionlar Partiyasının, Macarıstanın, Moldovanın, Latviyanın və digər ölkələrin gənclər təşkilatlarının nümayəndələri ilə keçirilən görüşlərdə ikitərəfli əlaqələrə dair ətraflı fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə