Şairlərimiz niyə vəkilsiz qalıb?

"Bir ölkədə ki, müttəhim nədə ittiham olunduğunu bilmir, onun vəkillə təmin olunmaması elə də təəccüblü deyil". Bunu açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib. Onun sözlərinə görə, Azərbaycan XİN İranda həbs olunan şairlərin vəkilsiz qalması məsələsinə aydınlıq gətirə bilmir.

E.Abdullayev qeyd edib ki, Azərbaycan tərəfi bu məsələ ilə bağlı İrana rəsmi müraciət edib: "Şairlərin vəkillə təmin olunması üçün İran tərəfinə müraciət etdik. Amma onlar bildirdi ki, məhkəmənin başlamasına az müddət qaldığı üçün vəkilə ehtiyac yoxdur. Biz buna öz etirazımızı bildirdik. Bir ölkədə ki, müttəhim nədə ittiham olunduğunu bilmir, onun vəkillə təmin olunmaması elə də təəccüblü deyil. İran tərəfi Azərbaycana şairlərin nədə ittiham olunduğu barədə heç bir məlumat vermir. Bunlar hüquqi prosedura ziddir".

Elman Abdullayev bildirib ki, bir neçə gün öncə Azərbaycan diplomatiyasının nümayəndələri şairlərlə bağlı yaxın 15-20 gün ərzində qərar veriləcəyini öyrəniblər.

Bütün xəbərlər Facebook səhifəmizdə