“Yanlış yerdən” gələn məktub

“Guardian” qəzeti Dağlıq Qarabağdan yazıb
“Yanlış yerdən” gələn məktub

İngiltərənin populyar "Guardian" qəzetinin internet səhifəsində qondarma "Dağlıq Qarabağ respublikası" barəsində məqalə dərc olunub. Sözügedən məqalə qəzetin hər həftə dünyanın müxtəlif ölkələrindən gələn məktubların işıq üzü gördüyü "Guardian Weekly" bölməsində oxuyuculara təqdim olunub. "Azərbaycandan məktub: xəritədən kənar" adlı yazıda məktubun Azərbaycandan göndərildiyi təsvir olunur. Amma məktubun əslində işğal olunmuş Azərbaycan ərazisindən göndərildiyi faktının qeyd olunması müəllif tərəfindən unudulmuşdur.

Məqalə "Dağlıq Qarabağ"ın beynəlxalq ictimaiyyət tərəfindən tanınmaması məsələsinə toxunur: "Dünyanın əksər dövlətləri regionun Azərbaycana aid olduğunu təsdiqləyir, hətta Qarabağı himayə edən Ermənistan belə "respublika"nın müstəqilliyini tanımır. "Bütün bunlara baxmayaraq Qarabağda yaşayan etnik ermənilərin "müstəqilliklərinin" 20 illiyini qeyd etmək istəkləri yüksəkdir.

Məktubda qeyd olunan fikirlər tam olaraq həqiqətdən uzaqdırlar. Erməni dəstələri əslində Azərbaycana aid olan əraziləri hərbi güc vasitəsi ilə işğal etmiş, ərazidə yaşayan azərbaycanlılara qarşı görünməmiş vəhşiliklər törətmişlər. Dağlıq Qarabağ və ona yaxın 7 rayon hazırda erməni ordusunun tapdağı altındadır. Erməni işğalçı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını tələb edən BMT TŞ-nın 822, 853, 874 və 884 nömrəli qətnamələri təqribən 20 il əvvəl qəbul olunmalarına baxmayaraq hələ də yerinə yetirilməmişdir.

Məqalədə qeyd edilən digər maraq cəlb edən məsələ isə Dağlıq Qarabağda, daha dəqiq desək, Xankəndində turizm sektorunun inkişafı ilə bağlıdır: "Hal-hazırda mərkəzi ərazilərdə yeni banklar, satış mərkəzləri və dövlət binaları yerləşir. Turizm sektoru tədricən inkişafdadır".

Məncə, dünya ictimaiyyəti tərəfindən tanınmayan və bir çox məsələlərdə Ermənistandan asılı olan ölkənin iqtisadiyyatından danışmağa ehtiyac yoxdur. Başqa ölkələrdən qondarma "Dağlıq Qarabağ respublikası" ərazisinə turist ziyarəti məsələsinə gəldikdə isə, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz bir hissəsidir və Azərbaycanın icazəsi olmadan kiminsənin bu ərazilərə gəlmək hüququ yoxdur.

"Guardian weekly"-də dərc olunmuş bu yazı heç də xaraktercə nadir deyil. Erməni tərəfi daima belə yollara əl ataraq öz yalanlarını yaymağa və dünyadan reallıqları gizlətməyə cəhd etmişlər. Amma işğaldan keçən 20 il ərzində regionda bir sıra dəyişikliklər baş vermişdir və Azərbaycan öz siyasi, iqtisadi və hərbi gücünu bərpa edərək Qafqazın ən qüdrətli dövlətinə çevrilmişdir. Ümid edirik ki, ədalət günü çox da uzaq deyil və işğal altında olan torpaqlar tezliklə geri qaytarilacaqdır.

Elbəy ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə