Bu gün Bakıda Qazaxıstan və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinə həsr olunmuş mətbuat konfransı keçirilib. SİA-nın verdiyi xəbərə görə, konfransda Qazaxıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Serik Primbetov çıxış edərək Qazaxıstanın daxili və xarici siyasətinin prioritetlərindən danışıb. Bundan əlavə, səfir Qazaxıstan və Azərbaycan arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti ilə bağlı bir sıra suallara aydınlıq gətirib. S.Primbetov cari il ərzində nəzərdə tutulan tədbirlər barədə də ətraflı məlumat verib.
Serik Primbetovun sözlərinə görə, sentyabr ayının 12 və13-də Qazaxıstanın paytaxtı Astanada Qazaxıstan və Azərbaycanın ticarət və iqtisadi əlaqələr üzrə hökumətlərarası komissiyanın IX iclası keçiriləcək. Bu iclasda ticarət, iqtisadi əməkdaşlıq, nəqliyyat, səhiyyə, ətraf mühitin mühafizəsi, kənd təsərrüfatı, təhsil, turizm və mədəniyyət məsələləri müzakirə olunacaq.
Səfir həmçinin qeyd edib ki, sentyabrın 12-də Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin yubiley sessiyası və xarici işlər nazirlərinin dördüncü görüşü keçiriləcək. Bu tədbirə dəvət alan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Astanaya işgüzar səfəri gözlənilir..
Səfir çıxışında onu da əlavə edib ki, cari ilin sonuna qədər Qazaxıstanın xarici işlər naziri Yerjan Kazıxanovun Azərbaycana səfəri planlaşdırılıb. Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov hazırda səfərin vaxtının və proqramının razılaşdırıldığını da söyləyib.
Səfir noyabr ayının 19-20-si tarixlərində Azərbaycanda Qazaxıstan Mədəniyyət Günlərinin keçiriləcəyini də bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB