Gəlinlə bəy toydan qabaq müayinə olunacaq - YENİLİK

Gəlinlə bəy toydan qabaq müayinə olunacaq - YENİLİK

Azərbaycanda ailə qurmaq istəyən şəxslərin nikahdan öncə məcburi qaydada tibbi müayinələrin aparılacağı xəstəliklərin adları ilkin olaraq müəyyənləşib. SİA-nın verdiyi məlumata görə, Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev trend-ə bildirib ki, qanunvericiliyə təklif olunan yeni dəyişikliyə görə, ailə qurmaq istəyənlərin nikahdan öncə tibbi müayinədən keçmələri icbariləşəcək.

Onun sözlərinə görə, bu xəstəliklərin sırasına hemofiliya, talassemiya, hepatitlər, HİV infeksiyası, bəzi zöhrəvi xəstəliklər daxildir: "Cinsi yolla və qanla keçirilən bəzi xəstəliklər var ki, nikaha girən şəxslərin bu barədə məlumatlı olması zəruridir. Belə xəstəliklər aşkar olunduğu halda, həmin şəxslər dünyaya övlad gətirmələrinə özləri qərar verməlidir".

Qeyd edək ki, ailə qanunvericiliyə görə, nikaha girən şəxslər könüllü olaraq tibbi müayinədən keçməlidirlər. Tibbi müayinənin könüllü olması isə, nikaha girən şəxslərin xəstəlikləri barədə məlumatsız olması, yolxucu və qan xəstəliklərinin yayılması və xəstə uşaqların doğulması ilə nəticələnir.

Bütün xəbərlər Facebook səhifəmizdə