Masallı rayon Gənclər Mərkəzində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının həmçinin Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə gənclərin zərərli vərdişlərə qarşı mübarizə aparılması məqsədilə tədbir keçirilib. SİA-nın məlumatına görə, 155 nəfərin iştirak etdiyi tədbirdə Masallı rayon Gənclər və İdman idarəsinin rəisi Camal Manafovun məruzəsi dinlənilib. Çıxışı zamanı o, bildirib ki, narkomanlıq da narkotiklərin qanunsuz dövriyyəsinin coğrafiyası kimi sərhəd tanımır. Bu dəhşətli xəstəlik dinindən, dilindən, irqindən, sosial vəziyyətindən asılı olmayaraq hamı üçün eyni dərəcədə təhlükəlidir.
Daha sonra rayon İcra Hakimiyyəti başçısı aparatının informasiya təminatı və təhlil sektorunun müdiri Seyfəddin Əliyev çıxış edərək qeyd edib ki, narkomanlığın sarsıdıcı nəticələri rayonumuzdan da yan ötməyib. Belə ki, gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik halları hələ də müşahidə olunur. Natiq bildirib ki, narkomanlıq yoluxucu xəstəlik olmaqla bərabər cinayətkarlığın, zorakılığın və digər zərərli vərdişlərin yaranmasına səbəb olur və bu səbəbdən gələcəyimiz olan gənclərimizi qorumaq, onları düzgün istiqamətə yönəltmək üçün səy və bacarığımızı əsirgəməməliyik.
Tədbirdə Gənclər və İdman Nazirliyinin işçisi Fərid Qurbanzadə çıxış edərək bildirib ki, narkotik maddələrdən asılılıq narkomaniyaya düçar olmuş şəxslər arasında digər böyük bir problemə - İİV/QİÇS virusuna yoluxmasına gətirib çıxarır. Qeyd etmək lazımdır ki, İİV-insanın immunçatışmazlığı virusu immun sistemini məhv edən virusdur və bunun nəticəsi olaraq insan orqanizmi ən adi infeksiyalara qarşı belə müqavimət qabiliyyətini itirir. Bu tədbirlərin keçirilməsinin əsas məqsədi gənclərimizin sağlam həyat tərzinə, bədən tərbiyəsinə meylli olmasıdır.
Qeyd edək ki, tədbirin sonunda "Həyatla oyun" tamaşasından bir hissə tədbir iştirakçılarına təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB