"Liderlik məktəbi” layihəsinin icrasına başlanıldı

"Liderlik məktəbi” layihəsinin icrasına başlanıldı

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Azərbaycan Gənclər Fondunun (AzGF) elan etdiyi qrant müsabiqəsində qalib olmuş "Tələbə Gənclər Təşkilatlarının sədrləri üçün liderlik məktəbi" adlı layihəsinin icrasına başlayıb.

ATGTİ-nin mətbuat katibi Məcid Musayevin SİA-ya verdiyi məlumata görə, AzGF-ın maliyyə dəstəyi ilə 6-12 sentyabr 2012-ci il tarixində Nabran qəsəbəsində həyata keçiriləcək layihədə paytaxtın və ölkəmizin regionlarının bütün ali və orta ixtisas təhsili müəssisələrinin TGT sədrləri təxminən 90-a yaxın sədr iştirak edəcək. "Liderlik məktəbi"nin keçirilməsində məqsəd isə ölkədə fəaliyyət göstərən TGT-lərdə vahid struktur modelinin yaradılması, standart üzvləşmə sisteminin tətbiqinin işlənib hazırlanması, TGT sədrlərinin idarəetmə bacarıqlarının inkişaf etdirilməsi, hazırlıq səviyyələrinin yüksəldilməsidir. Eyni zamanda ölkənin təhsil müəssisələrinin tələbələri, TGT-lər və bilavasitə onların sədrləri arasında qarşılıqlı əlaqələrin gücləndirilməsinə dəstək olmaqdır.

Qeyd edək ki, zəngin proqrama malik olan layihə çərçivəsində iştirakçı TGT sədrləri üçün AzGF-ın geniş təqdimatı keçirilərək, fondun fəaliyyət qaydaları (prinsipləri) açıqlanacaq və TGT-lərin layihələrinin maliyyələşdirilməsi proseduru, onların fonda müraciətləri müzakirə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə