Mətləb Salahov
Sizinlə elə bir məsələ barəsində danışacam ki, bu hər gün rastlaşdığımız sosial problemlər arasında birincidir. Həm də neçə on illiklərdir ki, qarşımızda ciddi problem olaraq durmaqda davam edir. Bu problem, bir başqa tərəfdən bizim milli mentalitetimizi və dünya görüşümüzün də ictimai güzgüsünə çevrilib sanki. Hələ Sovetin kəshakəs vaxtında cəmiyyətimizdə yaranan neqativ ictimai adətlər psixologiyası, bir çoxlarımızın "xırda-para məsələ" adlandırdığımz bu mövzuda indi daha eybəcər və qabarıq şəkildə ortaya çıxır.
Sabir dövründən qalan düşüncəmiz...
Məncə, ictimai şüurumuzda və dünya görüşümüzdə neçə on illiklərdir ki, yığılıb qalan və "naftalin iyi verən" bir çox çatışmamazlıqları aradan qaldırmaq üçün elə bu temadan başlayaraq nöqsanlarımızı düzəltməyə çalışsaq, əla olar. Günün gündüz çağı, heç bir qanuna məhəl qoymadan yol hərəkət qaydalarını pozuruqsa, bəh-bəhlə tikilmiş, dövlətin milyonlarla manat pulu hesabına başa gələn, dünyanın ən öndə gedən şəhərlərində belə mövcud olmayan yeraltı piyada keçidlərini qoyub, özümüzü ölüm risqi ilə üz-üzə atırıqsa, yeraltı keçidləri isə dəhşətli də olsa küçə ticarətinə çeviririksə, sizcə bundan aktual nə problem ola bilər?
Belə görürəm ki, biz elə sovetin dövründən qalan şüurla irəliləyirik və dəyişən zaçanın yaxşı mənada bizə zərrəcə qədər təsiri-filanı yoxdur. Həqiqət acı dərtmandır, amma acı olsa da HƏQİQƏTDİR!
Nədənsə bu ölkədə alimindən tutmuş süpürgəçisinə qədər bir balaca problem olan kimi, "biz düzələn deyilik ki deyilik" cümləsini eşidirəm. Niyə düzələn deyilik ki, səbəb nədir ki?. Bəlkə "bütün bunlar milli mentalitetimizlə bağlıdır" deyimini çıxaracaqsınız qarşıma?. O deyilən "mentaliteti", adətlər sindromunu kim yaradıb ki?. Bəlkə fransız, ingilis, rus, yoxsa başqa birisi?, yox elə bizim özümüz!
Əgər dövlətin milyon manatlarla vəsaiti hesabına tikilib təhvil verilən yeraltı piyada keçidlərini qoyub özümüzü 180 kilometr sürətlə şütüyən maşının altına atırıqsa, əgər qanunu gözləmək əvəzinə onu gözümüzü qırpmadan pozub keçiriksə, əgər özümüzə əziyyət verib dərs oxumaq əvəzəinə imtahanlarımızı dollarlarla, avrolarla "ödəyi" müəllimlərimizi rüşvətə, təhsilimizi fəlakətə sürükləyiriksə, əgər növbəmizi gözləyib qanunla sənədimizi almaq əvəzinə, kargüzara "qəpik-quruş" rüşvət təklif ediriksə, yaşıl ağaclar kəsib, yerində zəhərli yeməklərlə qarınlarımızı doyduran şadlıq evləri tikiriksə,- bütün bunlara görə "milli mentalitet" kimi qeyri mücərrəd bəhanə gətirməyə dəyərmi?
Bu cür "mentaliteti" formalaşdıran kimdir bəs,-bu cəmiyyətdə yaşayan bizlər!.
Qanunu pozan piyada: "Allahın yoludur, özüm bilərəm necə keçərəm"
Mövzumuzdan yayınmayaq. Bu günlərdə yolu keçərkən çox maraqlı, amma maraqlı olduğu qədər də ürəkağrıdıcı mənzərənin şahidi olmuşam. Piyadaların yol hərəkətinin tənzimlənməsinə nəzarət edən cavan polis əməkdaşı ilə, ağına-bozuna baxmadan yolun mərkəzinə girib, saatda 180 kilometrlə şütüyən maşınların üzərinə yürüyən məsuliyyətsiz vətəndaşlar arasında gedən əsl mübarizəni görməyə dəyərdi. Ağsaqqal kişidən, ağbirçək pensiyaçı qadından və işvə-nazlı cavan xanımdan ibarət piyada heyəti, yol qaydalarına əməl etmək və qanunsuz cəhdə görə xəcalət çəkmək əvəzinə, onları qanuna dəvət edib piyada keçidinə dəvət edən gənc polis əməkdaşına "tərbiyə dərsi" keçməyə, onu insafsızlıqda qınamağa başladılar. Həttda həkim işləyən bir gənc qadın, onu ölüm təhlükəsindən qurtaran cavan polis əməkdaşına "bu yol sənin deyil ki. Allahın yoludur, özüm bilərəm necə keçərəm" deyərək etiraz da etdi. Təsəvvür edin ki, yol polisinin yanında təxminən bir saata qədər apardığım müşahidələrim, mənə iyirmi birinci əsrdə yaşadığımız indiki günlərdə cəmiyyətimizin şüuru və dünyagörüşü, insanlarımızın Mirzə Ələkbər Sabir dövründən qalma təfəkkürdən uzaqlaşa bilməmələrini açıqca ortaya qoydu. Oxuduğlarımdan və eşitdiklərimdən belə başa düşürəm ki, dünyanın heç bir yerində bizim ölkəmizdə olduğu kimi yol hərəkət qaydalarının kütləvi pozulması, piyada keçidlərini ticarət yuvasına çevirərək, insanların özlərini sürətlə şütüyən maşınların qarşısına atması kimi tükürpədən faktlar mövcud deyil yəqin. Bakıya gələn bütün qonaqları yollarımızdakı xaos və sürəti şütüyən maşınların hər an insan həyatına son qoyan "avtoşluğu" dəhşətə gətirir. Təəasüf ki, çox zaman bəzi məsuliyyətsiz yol polislərimiz də nəyinsə müqabilində bu cür avtoşlara "göz yumurlar".
Yol qaydasını poz, 20 manat cərimə al...
Görəsən bu cür halların aradan qaldırılması üçün, vətəndaşarı yol keçidlərindən istifadəyə dəvət etməkdən daha çox, bunu onların ictimai adətinə çevrimək üçün, vətəndaşlarımızı sürətlə şütüyən maşının altına atılmaq əvəzinə rahat və təhlükəsiz yol seçməyə öyrətmək üçün nə etmək lazımdır?
Təəsüflə qeyd etməliyik ki, yol hərəkət qaydalarını pozan vətəndaşlara qarşı nəzərdə tutulan cəzaların miqdarı da olduqca aşağıdır və həttda gülməli rəqəmlərlə ölçülür. Yol hərəkəti qaydalarını tənzimləyən həmin yol polisi əməkdaşından öyrənirəm ki, bu cür məsuliyyətsiz vətəndaşlara qarşı ən "ağır halda" cəmi 20 manat cərimə nəzərdə tutulub, vəsalam. Bu da sənə qanunu pozduğun üçün "super cərimə"...
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB