Bakıda "Mədəniyyətlərarası dialoqun inkişafında medianın rolu" mövzusunda beynəlxalq seminar keçirilir.
Bu gün Bakıda TÜRKSOY, İSESCO və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə "Mədəniyyətlərarası dialoqun inkişafında medianın rolu" mövzusunda beynəlxalq seminar öz işinə başlayıb. SİA-nın verdiyi xəbərə görə, seminarda Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan və Türkiyənin media nümayəndələri iştirak edir. Seminarı giriş sözü ilə açan, TÜRKSOY-un Azərbaycan təmsilçisi Elçin Qafarlı seminarın təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib. TÜRKSOY-un 20 ildir yarandığını qeyd edən Qafarlı təşkilatın dünyada mədəniyyətlər arası dialoqun gücləndirilməsində fəal iştirak etdiyini vurğulayıb.
O qeyd edib ki, ötən 20 il ərzində türkdilli xalqların mədəni canlanması baxımından qızıl illər kimi tarixə düşüb. Onun sözlərinə görə, türk mədəniyyətinin yüksək səviyyəyə çatmasında TÜRKSOY-un da rolu var.
Qafarlı həmçinin vurğulayıb ki, mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsində medianın rolu beynəlxalq təşkilatlar tərəfindən dəstəklənməlidir.
Mədəniyyət və Turizm Nazirliyinin xarici əlaqələr şöbəsinin müdiri Vasif Eyvazzadə öz çıxışında qeyd edib ki, mədəniyyələrarası dialoq olduqca vacib bir məsələdir, bu artıq qlobal bir prosesə çevrilib və Azərbaycan bu prosesin əsas tərəfdaşıdır.
O vurğulayıb ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tərəfindən irəli sürülən təşəbbüslər mədəniyyətlərarası dialoqun inkişafında böyük əks sədaya səbəb olub:" Media mədəniyyətlərarası dialoqun inkişafında özünü tapmalıdır, çünki bu işdə mediadan çox şey asılıdır".
KİVDF-nin icraçı direktoru Vüqar Səfərli öz çıxışnda bildirib ki, mədəniyyətlərarası dialoq olmadan dünya fəlakətə sürüklənər. "Mədəniyyətlərarası dialoqun inkişafında medianın üzərinə böyük məsuliyyət düşür. Bu prosesin təbliğində jurnalist peşəkarlığından çox şey asılıdır", - Səfərli deyib.
Tədbirdə çıxış edən, millət vəkili Qənirə Paşayeva da çıxışında mədəniyyətlərarası dialoqun inkişafında rolundan danışıb. O qeyd edib ki, bu gün bu sahədə vəziyyət mənfiyə doğru gedən tendensiyadadır. "Mədəniyyətlərarası dialoqa gərginlik getdikcə artır. Burada media ən böyük gücdür, media istəsə bu gərginliyi artırar, istəsə bu sahədə ciddi inkişafa nail ola bilər", - Paşayeva deyib.
O medianı bu istiqamətdə maarifləndirməyə diqqət yetirməyə və obyektiv iş aparmağa çağırıb.
Çıxışlardan sonra "Qərbə doğru axan çay" filminin təqdimatı keçirilib. Qeyd edək ki, beynəlxalq seminar üç gün davam edəcək. Proqrama əsasən seminar iştirakçılarının Milli Televiziya və Radio Şurasında, Türkdilli ölkələrin Parlament Assambleyasında, Mədəniyyət və Turizm Nazirliyində və Mətbuat Şurasında görüşləri nəzərdə tutulub.
Könül Kamilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB