Cəzaçəkmə müəssisələrinə baxış keçirilib

Cəzaçəkmə müəssisələrinə baxış keçirilib

Ombudsmanın Milli Preventiv Mexanizm Qrupu tərəfindən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə Müəssisəsinə uzunmüddətli, 2 və 12 saylı Məntəqə tipli cəzaçəkmə müəssisəsinə isə qısa müddətli başçəkmə həyata keçirilib. SİA-nın xəbərinə görə, 8 saylı CÇM-sinə başçəkmənin məqsədi əvvəlki baxışlar zamanı müəssisə rəhbərliyinə verilən tövsiyələrin icra vəziyyətinin araşdırılmasından, məhkumlara münasibətdə rəftar hallarının və saxlanılma şəraitinin yoxlanmasından, eyni zamanda CÇM-lərdə saxlanılan şəxslərin qəbul edilməsindən ibarət olub. Başçəkmə zamanı müəssisənin bütün obyektlərinə baxış keçirilib, saxlanılma şəraiti və məhkumlara qarşı rəftar araşdırılıb.

Qeyd edilməlidir ki, araşdırma zamanı 19 iyun tarixində 8 saylı CÇM-nin yerləşdiyi Qaradağ rayon, Puta qəsəbəsində baş vermiş qasırğanın törətdiyi fəsadlarının aradan qaldırıldığı müəyyən edilib. Bundan başqa, açıq tipli yataqxanaların və qapalı tipli kameraların döşəmələrinin taxta ilə əvəz olunması, hamam və ayaqyolunun müasir tələblərə uyğunlaşdırılması, yeni idman zalının, peşə məktəbinin, psixoloq və telefon danışıq otağının yaradılması MPM Qrupu tərəfindən müsbət qiymətləndirilib. Müəssisədə təklikdə qəbul edilmiş 39 məhkum rəftar və saxlanılma şəraitindən şikayət etməyiblər. Yalnız bir məhkum saxlanılma şəraitindən şikayət edib və həmin müraciət MPM Qrupu tərəfindən yerində araşdırılarkən təsdiqini tapmayıb.

MPM Qrupunun üzvləri tərəfindən şəraitin daha da təkmilləşdirilməsi istiqamətində müəssisə rəhbərlərinə tövsiyələr verilib. Eyni zamanda məhkumlara göstərilən tibbi yardımın və xidmətin keyfiyyətinin artırılması məqsədi ilə Ədliyyə Nazirliyinin Baş tibb idarəsi ilə əldə edilmiş razılığa əsasən yaxın günlərdə 8 saylı CÇM-sində birgə araşdırma aparılması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə