Almaniyada daha bir Azərbaycan cəmiyyəti yaradıldı

Almaniyada daha bir Azərbaycan cəmiyyəti yaradıldı

Almaniyanın Şlesviq-Holstayn torpağında yeni bir Azərbaycan cəmiyyəti yaranıb. SİA-nın Almaniya bürosundan verilən xəbərə görə, şənbə günü cəmiyyətin təntənəli təqdimat mərasimi keçirilib.

"Azərbaycan Kultur və İnteqrasiya cəmiyyəti" (Aserbaidschanischer Kultur und İntegrationsverein) adlanan cəmiyyətin təqdimat mərasiminə Almaniyadakı bütün partiyaların yerli nümayəndələri, QHT rəhbərləri, jurnalistlər dəvət olunublar. Cəmiyyətin sədri Aynurə Şahmərdanovanın qeyd etdiyi kimi tədbirə dəvətli olan qonaqların demək olar hamısı iştirak edib, natiqlər yeni cəmiyyətə atdığı ilk addımlarında uğurlar arzulayıblar.

Rəsmi qonaqlar sırasında Azərbaycanın Almaniyadakı səfirliyinin nümayəndəsi doktor Rizvan Nəbiyev də olub. Cənab Nəbiyev cıxışında yeni yaradılan cəmiyyətin Azərbaycanı Almaniyada tanıtmaq istiqamətində görə biləcəyi işlərin vacibliyindən danışıb, üzvlərə uğurlar diləyib.

Qeyd edək ki, Almaniyanın şimal əyaləti olan Şlesviq-Holstayn torpağında bu artıq ikinci yaradılan cəmiyyətdir. Buna qədər əyalətin Norderstedt şəhərində "Buta" idman və mədəniyyət əlaqələri cəmiyyəti fəaliyyətə başlayıb və onlar da qısa zamanda müəyyən nailiyyətlərə imza atıblar. Elmshorn şəhərində yaradılan bu yeni cəmiyyət isə qarşısına daha ciddi məqsədlər qoyub. Demək olar ki, bütün çıxışlarda natiqlər yeni yaranan cəmiyyətin elə təqdimat mərasimindəcə xoş təəsürat yaratdığını qeyd edirdilər. Xüsusilə, cəmiyyətin sədri, 22 yaşlı azərbaycanlı qızı Aynurə Şahmərdanovanın tədbiri əsl peşəkar kimi idarə etmək bacarığı, alman dilində səlis çıxışı, xoş siması iştirakçılarda rəğbət hissi oyadırdı. Aynurə xanımın çıxışında Azərbaycan Kultur və İnteqrasiya cəmiyyətinin planlarından danışarkən prioritet vəzifə kimi Azərbaycanı daha yaxından tanıtmaq, iki xalqın mədəni irsini bir-birlərinə layiqincə təqdim eləmək istiqamətinə xüsusi diqqət ayıracaqlarını qeyd elədi.

Tədbirin davamında söz alan alman natiqlər də bu vəzifənin vacibliyindən danışdılar və onun layiqincə yerinə yetiriləcəyinə əmin olduqlarını dilə gətirdilər. Tədbirin rəsmi hissəsindən sonra qonaqlar azərbaycan mətbəxinin misilsiz təamlarından dadmağa dəvət olundular. Təbii ki, milli xörəyimiz olan yarpaq dolması daha çox diqqəti cəlb edirdi. Azərbaycanlı xanımların xüsusi səylə hazırladıqları yarpaq dolması qonaqların xüsusilə tərifini qazandı. Əminliklə demək olardı ki, yeni yaradılan cəmiyyət elə ilk addımındaca azərbaycanı tanıtmaq yolunda ilk uğurlu addımını atmış oldu.

Şahin Abasov,

SİA-nın Almaniyadakı müxbiri

Bütün xəbərlər Facebook səhifəmizdə