Son günlər bəzi müxalifətyönümlü kütləvi informasiya vasitələrində (KİV) Saatlı rayonu barədə həqiqətə uyğun olmayan, yalan və böhtan xarakterli yazılar dərc olunub. SİA-nın əməkdaşı həqiqəti üzə çıxarmaq üçün araşdırmalara başlayıb. Məlum olub ki, sözügedən yazılarda qeyd olunanlar həqiqətdən uzaq, tamamilə əsassız və uydurma məlumatlar rayonda son illər möhkəm bərqərar olmuş sabitliyə, sosial-iqtisadi inkişaf və tərəqqiyə, insanların rifah halının yaxşılaşdırılması məqsədilə aparılan iri miqyaslı işlərə kölgə salmaq cəhdləridir.
Belə ki, ağacların kəsilməsinin, çayxanaların sökdürülməsinin və məqalədə göstərilən digər bu kimi yersiz və əsassız fikirlərin Rayon İcra Hakimiyyəti başçısının adı ilə bağlanması tamamilə böhtan və iftiradır. Həmin yazılarda Saatlı Suvarma Sistemləri İdarəsi tərəfindən ağacların kəsilməsi, rayonun girəcəyində restoran tikilməsi məqsədilə çayxanaların gecə vaxtı sökdürülməsi, tikiləcək restoranın qabaqcadan planlaşdırıldığı barədə fikirlər tamamilə uydurma və gərəzli olmaqla, məqsədli şəkildə rayonda aparılan quruculuq əleyhinə yönəlmiş qarayaxmadır. Ümumiyyətlə, bu məsələlər barədə guya rayon sakinlərinin fikirlərinin öyrənilməsi də bəzi araqarışdıranların məsələni ictimailəşdirmək kimi məkirli planlarından xəbər verir. Əsil həqiqət isə aşağıda qeyd olunanlar kimidir.
Saatlı rayon İcra Hakimiyyəti başçısı Aparatının İnformasiya təminatı və təhlili sektorunun müdiri Lütvəli Şıxəliyevin verdiyi məlumatda deyilir ki, Saatlı rayon Suvarma Sistemləri İdarəsinin işçiləri təsdiq olunmuş iş planlarına uyğun olaraq Saatlı rayonunun bir neçə kəndini, eləcə də qonşu Sabirabad rayonunun 10-larla yaşayış məntəqəsini, həmçinin Sabirabad şəhərinin böyük hissəsinin suvarma suyu ilə və müəyyən qədər də içməli su ilə təminatını həyata keçirən Hüsü Hacıyev adına suvarma kanalında həqiqətən də lildən təmizlənmə və kanalın dərinləşdirmə işləri aparılıb. Son vaxtlar kanalın ətraf hissələrinin mühafizə zolaqlarının, bir çox yerlərdə isə hətta suyun keçdiyi hissələrin kol-koslarla, yabanı bitən ağaclarla əhatələnməsi su ötürmə gücü 4,2 m3 olan kanalda suyun axmasına ciddi maneələr yaratmış və nəticədə kanalın cəmi 2 m3 su ötürmə imkanı qalıb ki, bu vəziyyət də kanaldan istifadə edən əhalinin narahatçılığına səbəb olub. Kanalın Saatlı rayon ərazisindən keçən 6 km-lik məsafəsində, xüsusən də Mustafabəyli kəndi ərazisində kanaldan lazımınca istifadə etmək imkanı məhdudlaşıb ki, bu da həmin hissələrdə təcili olaraq lildən təmizlənmə və kanalın dərinləşdirilməsi işlərinin görülməsinə zəruri ehtiyac yaradıb. Yarana biləcək su qıtlığını qısa müddətdə aradan qaldırmaq üçün həmin işlər görülən zaman kol-kos, yabanı bitkilər kanaldan təmizlənərkən eyni zamanda əyilmiş, qurumuş, suya düşməklə su axımının qarşısını kəsən 5-7 ədəd söyüd ağacı da kənarlaşdırılıb. İş aparılan ərazidə 5-10 çayxananın olması və gecə ikən sökdürülməsi barədə məqalədə qeyd olunanlar da reallıqdan uzaq fikirlərdir. Ümumiyyətlə, Saatlı rayonu ərazisində kanalın adı çəkilən ərazilərində heç bir vaxt çayxanalar olmayıb.
Belə yazılara nəzər salarkən əsassız, iftira dolu qarayaxmaları obyektiv şəkildə təhlil edərkən açıq-aşkar görünür ki, müxalifət yönümlü kütləvi informasiya vasitələrində özünə yer tapan belə saxta məlumatları verməkdə məqsəd rayonda gedən geniş həcmli abadlıq-quruculuq, yaşıllaşdırma işlərinə kölgə salmaq, sakinlər arasında müəyyən çaşqınlıq, yersiz söz-sözbət yaratmaq cəhdindən başqa bir şey deyildir. Əgər müəllifi və ya ona yalan material ötürənləri həqiqətən də ağac kəsilməsi, çayxana sökdürülməsi düşündürürsə, son illər "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq Azərbaycanın hər bir bölgəsi kimi Saatlı rayonunda da gedən quruculuq işləri haqqında, salınan istirahət parkları, əkilən ağaclar və digər diqqətəlayiq tədbirlər barədə maraqlanıb real statistikanı öyrənərdilər. Onda bilərdilər ki, təkcə son 4 ildə rayonda 100 mindən artıq müxtəlif növ dekorativ, həşiməyaşıl ağaclar, o cümlədən eldar şamı, görüş, gəncə çinarı, limon (şərq) tuyası, şəmşəd, sərv, zeytunla yanaşı, yerli şəraitə uyğun iydə, söyüd və s. ağaclar əkilib. İstirahət parkları salınıb. Müasir fəvvarələr tikilib, əhalinin istirahəti və gəzintisi üçün ürəkaçan yerlər düzəldilib. Bu gün isə Saatlı şəhərinin böyük bir hissəsində sağlamlıq üçün təhlükəli olan, ekologiyaya mənfi təsir göstərən "Axmaz" adlı gölməçənin qurudulması sahəsində işlər reallaşmaq üzrədir. Tikilən və əsaslı təmir olunan yerli əhəmiyyətli yollarına keyfiyyətli asfalt örtüyü vurulur, həmin yolların kənarında yaşıllıq zolaqlarının salınması, ağacların əkilməsi artıq gözəl bir ənənəyə çevrilib.
Aldığımız məlumatda həmçinin qeyd olunur ki, rayonun günü-gündən inkişaf etməsi və müasir səviyyədə yenidən qurulması, vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsi üçün məqsədyönlü işlər görülməsi əhali tərəfindən böyük razılıq və dərin minnətdarlıq hissi ilə qarşılanır. Öz əməksevərliyi, vətənə və dövlətçiliyə möhkəm sədaqəti ilə tanınan saatlılar onlara yaradılan şəraitə, göstərilən diqqətə görə dərin ehtiram və təşəkkürlərini dönə-dönə ifadə edirlər. Bütün bunlar rayonda son illər möhkəm bərqərar olmuş ictimai-siyasi sabitliyə, əmin-amanlığa və gələcək firavanlığa möhkəm stimul verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB