Qanun qadağa qoydu! FOTO

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən Qusar şəhəri, Müqtədir küçəsi ünvanında fəaliyyət göstərən fiziki şəxs Gülarə Hacıyevaya məxsus çörək sexində dövlət nəzarəti aparılıb. Komitədən SİA- ya verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, müəssisədə gigiyenik və AZS Milli sertifikatlaşdırma sisteminin qaydalarına əsasən verilən uyğunluq sertifikatları olmadan istehsal həyata keçirilir. Müəssisə texnoloji sənədlər olmadan fəaliyyət göstərir, sexdə sanitar norma və qaydalara riayət edilmir. Aşkar edilmiş bu və digər nöqsanlara görə fiziki şəxs Gülarə Hacıyevaya məxsus sexdə çörəyin istehsalı və satışı qadağan edilib, İnzibati Xətalar Məcəlləsinin 228.0.3, 228.0.4 və 228.0.12 maddələrinə əsasən inzibati protokol tərtib edilərək 1500 manat məbləğində cərimə edilib.

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Şəki Ərazi İdarəsi tərəfindən Oğuz şəhəri, Xal-Xal yolu 1 ünvanında fəaliyyət göstərən fiziki şəxs Akif Ənsərova məxsus maye qaz doldurma məntəqəsində dövlət nəzarəti aparılıb. Araşdırma zamanı müəyyən edilib ki, məntəqədə maye qaz məhsullarının satışı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 noyabr 2002-ci il tarixli 174 nömrəli Qərarının tələbləri pozulmaqla həyata keçirilir. Belə ki, maye qaz məhsullarının satışı üçün alınmış lisenziyanın müddəti başa çatıb. İstifadə olunan 4 ədəd ölçmə vasitəsi müqayisəli dövlət yoxlamasından keçməmiş istismar olunur. Aşkar edilmiş bu və ya digər nöqsanlara görə, fiziki şəxs Akif Ənsərova məxsus maye qaz doldurma məntəqəsində maye qaz məhsullarının satışı qadağan edilib.

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən Sumqayıt şəhəri, məhəllə 41a ünvanında fəaliyyət göstərən "Vüsal-B" firmasında qənd istehsalı sexində dövlət nəzarəti aparılıb. Araşdırma zamanı müəyyən edilib ki, müəssisə müəyyən edilmiş qaydada təsdiq olunmuş texnoloji təlimat olmadan fəaliyyət göstərir. Nəticədə normativ sənəd ГОСТ 22-94 standartının tələbləri pozularaq texnoloji prosesə əməl olunmadan sanitar norma və qaydalara riayət edilmədən məhsul istehsal edilir. Bundan başqa müəssisədə hazır məhsulların markalanması düzgün və tam aparılmır, məhsulların saxlandığı anbarda temperatur və nisbi rütubət rejiminə nəzarət olunmur. Aşkar edilmiş nöqsanlara görə "Vüsal-B" firmasında presslənmiş, doğranmış, rəfinə olunmuş qəndin istehsalı və satışı qadağan edilib.

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən Sumqayıt şəhəri, Bakı-Quba yolunun sol tərəfi, 35-ci km ünvanında Fəxrəddin Xudaverdiyevin rəhbərliyi ilə fəaliyyət göstərən "VAT" MMC-də dövlət nəzarəti aparılıb. Araşdırma zamanı müəyyən edilib ki, portlandsement istehsalı və satışı ilə məşğul olan müəssisə müəyyən edilmiş qaydada təsdiq olunmuş texnoloji reqlamenti olmadan fəaliyyət göstərir. Nəticədə normativ sənəd ГОСТ 10178-85 standartının tələbləri pozulur. Bundan başqa istehsal olunan portlandsementin markalanması və qablaşdırılması standartın tələblərinə uyğun aparılmır. Belə ki, hazır məhsulların üzərində onun istehsal tarixi göstərilmir, kisələrin üzərində sementin çəkisi 40 kq göstərilməsinə baxmayaraq, çəkilmiş kisələrin orta çəkisi 36,8 kq gəlib. Müəssisədə istismarda olan 7 ədəd ölçmə vasitəsi müqayisəli dövlət yoxlamasından keçmədən istifadə olunur. Aşkar edilmiş nöqsanlara görə "VAT" MMC-də portlandsementin istehsalı və satışı qadağan edilib.

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən Abşeron rayonu, Novxanı kəndində fəaliyyət göstərən "Duet" firmasında daxili kanalların istehsalına dövlət nəzarəti aparılıb. Araşdırma zamanı müəyyən edilib ki, müəssisədə daxili kanallar normativ sənədi olmadan istehsal olunur, istismarda olan ölçmə vasitələrinin heç biri müqayisəli dövlət yoxlamasından keçməyib. "Duet" firması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 228.0.12 maddəsinə əsasən inzibati xətaya yol verildiyinə görə protokol tərtib edilib müəssisədə daxili kanalların istehsalı və satışı qadağan edilib.

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Yevlax Ərazi İdarəsi tərəfindən Bərdə şəhəri, Koroğlu küçəsi 68 ünvanında fəaliyyət göstərən fiziki şəxs Etiram Sədiyevə məxsus limonad sexində dövlət nəzarəti aparılıb. Araşdırma zamanı müəyyən edilib ki, müəssisədə gigiyenik və AZS Milli sertifikatlaşdırma sisteminin qaydalarına əsasən verilən uyğunluq sertifikatları olmadan istehsal həyata keçirilir, müəssisə texnoloji sənədlər olmadan fəaliyyət göstərir, sexdə sanitar norma və qaydalara riayət edilmir. Bundan başqa istehsal olunan məhsulların markalanmasında və qablaşdırılmasında standartın tələbləri pozulur, məhsulun sınaqlarını aparmaq üçün hər hansı bir akkreditasiya olunmuş laboratoriya ilə müqavilə mövcud deyil, istismar olunan 4 ədəd ölçmə vasitəsi müqayisəli dövlət yoxlamasından keçməyib. Aşkar edilmiş bu və digər nöqsanlara görə, fiziki şəxs Etiram Sədiyevə məxsus sexdə "duşes" limonadının istehsalı və satışı qadağan edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə