Yeni layihə onların hüquqlarına xidmət edir FOTO

Yeni layihə onların hüquqlarına xidmət edir FOTO

Azərbaycan Milli QHT Forumunun təşkilatçılığı ilə "Əlillərin və sağlamlıq imkanları məhdud olan insanların hüquqlarının müdafiəsi və onların cəmiyyətə inteqrasiyası" layihəsi çərçivəsində növbəti seminar Mingəçevir şəhərində Yeni Azərbaycan Partiyasının binasında keçirilib. Mingəçevir MQF-dan SİA-ya verilən məlumata görə, layihənin məqsədi əlillərin və sağlamlıq imkanları məhdud olan insanların qanunvericiliklə müəyyən edilmiş bütün sosial-iqtisadi, siyasi, şəxsi hüquq və azadlıqlarının təmin olunmasına dəstək vermək, həmçinin onların ləyaqətinə hörmət edilməsini təmin etmək və eyni zamanda onların hüquqlarının qorunmasını təşkil etməkdir.

Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin, qeyri-hökumət təşkilatlarının və ictimaiyyət nümayəndələri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mingəçevir şəhər şöbəsinin direktoru, MQF Mingəçevir RQRTM-in direktoru Füzuli Əsədov, KİV təmsilçiləri, habelə əlillər və onların ailə üzvləri iştirak ediblər. Tədbiri giriş sözləri ilə açan Mingəçevir şəhər İcra Hakimiyyətinin birinci müavini İlham İsmayılov iştirakçıları salamlayaraq layihənin mahiyyəti, iştirakçılar üçün əhəmiyyətindən danışıb. Sonra Milli QHT Forumunun prezidenti Rauf Zeyni təqdimat ilə çıxış edərək layihənin əhəmiyyətindən danışıb. R.Zeyni bildirib ki, layihə çərçivəsində həyata keçiriləcək seminarlar və maarifləndirmə tədbirləri nəticəsində əlilliyi olan insanların sosial, hüquqi, psixoloji, mənəvi, təhsil və fiziki hüquqlarının qorunması məsələlərinə daha həssas yanaşılacaq. Əlillərə qayğı göstərməyin vacibliyini vurğulayan R.Zeyni vətəndaşlarımızı bu məsələyə məsuliyyət və həssaslıqla yanaşmağa çağırıb. Bundan əlavə, R.Zeyni iştirakçılar tərəfindən mövcud problem və təkliflərin paket şəklində hazırlanaraq Mingəçevir RQRTM tərəfindən Milli QHT Forumuna çatdırılması təklifi ilə də çıxış edib.

Müzakirələr əsasında davam edən tədbirdə əlillər tərəfindən verilən suallar onları qane edici tərzdə cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə