Qırğızıstanda baş nazirlərin görüşü olub

Qırğızıstanda baş nazirlərin görüşü olub

Bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) ikinci Zirvə görüşündə iştirak etmək üçün Bişkekə gələn Azərbaycanın Baş naziri Artur Rasizadə Qırğızıstanın Baş naziri Omurbek Babanov ilə görüşüb.

Görüşdə son vaxtlar Qırğızıstan-Azərbaycan əlaqələrinin inkişafının yeni mərhələyə qədəm qoyduğu vurğulanıb. Bu işdə qarşılıqlı rəsmi səfərlərin mühüm rol oynadığı diqqətə çatdırılıb.

Qırğızıstanın Baş naziri deyib ki, Azərbaycan tərəfinə böyük investisiya layihələri təqdim olunub, eləcə də İssık-Kul vilayətindəki Kamçı aeroportunun yenidən qurulması və Azərbaycan banklarının Bişkekdə filiallarının açılması təklif edilib.

Baş nazir Artur Rasizadə bildirib ki, Azərbaycan qarşılıqlı maraq doğuran layihələrə, o cümlədən konkret investisiya layihələrinə sərmayə yatırmağa hazırdır. Bunun üçün, ilk növbədə, ölkədə ictimai-siyasi vəziyyət sabit olmalıdır.

Görüşdə Qırğızıstan-Azərbaycan-Qazaxıstan birgə neft kəmərinin və Qırğızıstan ərazisində neft emalı zavodunun tikintisi, Qırğızıstan-Azərbaycan İnvestisiya Fondunun yaradılması məsələləri də müzakirə edilib.

Baş nazirlərin görüşündə Bişkekdə Qırğızıstan-Azərbaycan İnvestisiya Forumunun keçirilməsi haqqında razılıq əldə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə