“Bizə pul yox, zaman lazımdır”

“Bizə pul yox, zaman lazımdır”

Yunanıstanın baş naziri Antonis Samaras alman jurnalistlərinə verdiyi müsahibəsində belə deyib

"İstərdim sizinlə açıq danışım. Hazırda bizə əlavə yardım lazım deyil. Biz kreditorlarımızın qarşısında qəbul etdiyimiz şərtləri yerinə yetirməkdəyik. Biz iqtisadi artıma nail olmalıyıq ki, maliyyə riskini azaldaq. Bizə hazırda pul yardımı deyil, bir az azadlıq lazımdır. Bizim əlavə zamana ehtiyacımız var. Əlavə vaxt, əlavə yatırım demək deyil, yaxın zamanda biz sayca az, amma, xeyli effektli bir dövlət sektoru yaradacağıq".

Cənab Samarasın bəyanatı cəlbedici səslənsə də, avropalı şərhçilər buna daha bir jest donu geyindiriblər. SİA-nın Almaniya bürosunun öncə də verdiyi xəbərə görə avqustun 25-də Yunanıstanın baş nazirinin kansler Angela Merkel və Fransa prezidenti Fransua Ollandla görürüşü planlaşdırılır və bu görüşdə də baş nazirin şərtləri yerinə yetirmək üçün daha 2 il zaman istəyəcəyi artıq bəllidir. Belə bir məqamda Antonis Samaransın alman jurnalistlərə müsahibəsində Avropadan pul deyil, zaman istəməsi başa düşüləndir.

Məhz Almaniya Yunanıstana hər hansı bir əlavə yardımın ayrılmasının qəti əleyhinədir və bu ölkədə ictimaiyyət də Yunanıstanı alman vergiödəyicisinə əlavə yük kimi qəbul edir. Görünür baş nazir də bunu yaxşı bilir və Avropadan, xüsusilə Almaniyadan edəcəyi xahişdə pulu arxa plana çəkərək vaxt müddətini uzatmağı daha real görür.

Məsələ burasındadır ki, Yunanıstanın avrozonanı tərk edə biləcəyi təhlükəsi indi Avropada elə də qorxunc görünmür. Əvvəl şok effekti yaradan belə bəyanatlar indi sükutla qarşılanır. "Yunanıstanın avrodan imtina edəcəyi hədələrinin yaratdığı dəhşət artıq geridə qalıb", - deyən Almaniyanın İqtisadiyyat naziri Filipp Resler əlavə edir ki, Afina ilə münasibətdə daha kəskin siyasi mövqedə dayanmaq lazımdır. Buna dəstək olaraq Avropa Mərkəzi Bankının İdarə Heyyətinin üzvü Yorq Asmussen də deyib ki, Yunanıstanın avrozonadan getməsi şübhəsiz ki, həmin zonada qalan digər dövlətlərə ciddi zərbə olacaq, amma, bunu dəf etmək mümkündür.

Bu tipli bəyanatların fonunda Yunanıstanın məcburən yumşaq mövqe tutması başa düşüləndir. İndi Yunanıstan öz baş nazirinin şəxsində Avropadan yalnız zaman qoparmaq niyyətindədir.

Şahin Abasov

Bütün xəbərlər Facebook səhifəmizdə