Azərbaycanın Gomap.az elektron xəritəsini ötən ay 100 mindən artıq istifadəçi ziyarət edib. İKT İnformasiya Mərkəzindən SİA-ya verilən məlumata görə, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə yaradılmış Gomap.az Online Naviqatoru, hazırda Azərabycan dilində olan yeganə elektron xəritədir və onun istifadəçilərinin 83%-i məhz Azərbaycan dilində olan versiyadan istifadə edir. Qeyd edək ki, Gomap.az elektron xəritəsinin həmçinin ingilis və rus versiyaları da mövcuddur. Gomap.az layihəsinin ofisindən bildirilib ki, azərbaycandilli məzmunun olması saytı öz xüsusiyyətlərinə görə unikal edir. Belə ki, indi gündə 2500 istifadəçi, birbaşa GoMap.Az online naviqatorunda azərbaycan dilində axtarış edir: "Bizdə olan məlumata görə, xarici təşkilatlar tərəfindən yaradılmış Azərbaycanın elektron xəritələrində bir sıra hallarda toponimlər və coğrafi adlar səhv qeyd olunub. Gomap.az saytında belə problemlər yoxdur, çünki layihə yerli mütəxəssislər tərəfindən yaradılıb. Layihənin Azərbaycan dilində məzmununun olması Azərbaycan vətəndaşlarının xarici dilləri bilməyən hissəsi üçün elektron xəritədən istifadəni daha rahat edir".
Gomap.az-da istifadəçilərin axtarışları mövsümə və fəaliyyət aktivliyinə görə daimi olaraq dəyişir. Belə ki, may-iyun aylarında axtarışlar ən çox istirahət zonalarını və ictimai-iaşə obyektlərini əhatə edirdi. İstifadəçilər respublika ərazisində öz istirahətlərini planlaşdırmaq üçün regionlar üzrə axtarışlar edir, avtomobillə marşrut planını Gomap.az vasitəsilə hazırlayırdılar. İyul ayından başlayaraq orta təhsil müəssisələri elektron xəritədə həyata keçirilən axtarışlarda liderlik edir. Bu universitetlərə və kolleclərə qəbul imtahanlarının və yeni dərs ilinin yaxınlaşması ilə əlaqədardır.
Qeyd etmək lazımdır ki, statistikaya görə Gomap.az-a istifadəçilərin 89%-i müvəqqəti işğal altında olan Xankəndi şəhəri də daxil olmaqla, Azərbaycandan daxil olur. İstifadəçilərin 11%-i isə Rusiya, Türkiyə, ABŞ, İngiltərə, Gürcüstan, Almaniya, Çin və digər xarici ölkələrdəndir. Gomap.az-da Gürcüstanın elektron xəritəsinin yerləşdirilməsi bu ölkədən olan istifadəçilərin sayını dəfələrlə artırıb.
İKT İnformasiya Mərkəzi Gomap.az elektron xəritəsini Azərbaycanın internet məkanının ən texnoloji layihələrindən biri hesab etməklə yanaşı, onun Azərbaycan-dili internetin inkişafında yeni nəsil internet resurslarının "lokomotivi" kimi müəyyən edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB