Azərbaycana gələn əcnəbi vətəndaşların sayı artıb

Azərbaycana gələn əcnəbi vətəndaşların sayı artıb

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2012-ci ilin I yarımili ərzində Azərbaycana gələn əcnəbi vətəndaşların sayı ilə bağlı müqayisəli təhlillər aparılıb. SİA-nın xəbərinə görə, təhlil göstərir ki, 2011-ci ilin müvafiq dövrü (1.016.559 nəfər) ilə müqayisədə 2012-ci ilin I yarımili ərzində (1.088.823 nəfər) Azərbaycana gələn əcnəbi vətəndaşların sayında 72.264 nəfər və ya 7,1% artım müşahidə olunub. 2011-ci ilin müvafiq dövrünə nisbətən 2012-ci ilin I yarımilliyi ərzində ən çox artım Gürcüstandan (55.462 nəfər və ya 21,9%), Rusiyadan (33.671 nəfər və ya 9,8%), Türkiyədən (17.864 nəfər və ya 15,6%), Almaniyadan (3.570 nəfər və ya 67,7%), Özbəkistandan (2.690 nəfər və ya 41,1%), B.Britaniyadan (2.196 nəfər və ya 18,9%) və Ukraynadan (1.858 nəfər və ya 10,8%) müşahidə olunub.

MDB ölkələri və Gürcüstan üzrə ümumi artım 89.972 nəfər və ya 13,9%, Avropa ölkələri üzrə ümumi artım 30.808 nəfər və ya 20,6%, Asiya ölkələri üzrə artım 986 nəfər və ya 11,0%, Afrika ölkələri üzrə artım 229 nəfər və ya 25,3%, Amerika və Avstraliya üzrə artım 1.102 nəfər və ya 14,0% təşkil edib. Avropa ölkələrindən gələn əcnəbi vətəndaşların sayında artım müşahidə olunub, heç birində azalma qeydə alınmayıb. Bu hal Azərbaycanın Avropa məkanına yaxın olması və "Eurovision-2012" kimi mühüm tədbirlərin Azərbaycanda keçirilməsi digər Avropa ölkələrindən ölkəmizə turizm axımını intensivləşdirir. Eyni zamanda, İran Körfəzi və Yaxın Şərq ölkələri üzrə 51.112 nəfər və ya 34,0% azalma müşahidə olunub. Bunun əsas səbəbi Yaxın Şərqdə müşahidə olunan qeyri sabit vəziyyətdir.

Eyni zamanda, 2011-ci ilin müvafiq dövrü (1.776.439 nəfər) ilə müqayisədə 2012-ci ilin I yarımili ərzində (1.685.564 nəfər) xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayında 90.875 nəfər və ya 5,4% artım müşahidə olunub. Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayının artması ölkədə iqtisadi inkişafın davamlı olduğunu, beynəlxalq iqtisadi əlaqələrin genişlənməsi və ölkə əhalisinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşmasını göstərir. Bu göstəricilər ümumilikdə Azərbaycanın turizm sektorunun inkişafı, möhkəmlənməsi və dövlətin turizm sektoruna diqqət və dəstəyini göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə