Ombudsmanın bayram görüşləri

Ramazan Bayramı günlərində müvəkkil Elmira Süleymanova əhalinin müxtəlif təbəqələri, o cümlədən əlillər, ahıllar, uşaqlarla görüşüb, bayramlarını təbrik edib, müraciətlərini dinləyib, problemlərinin həllində yardımçı olacağını söyləyib. SİA-nın xəbərinə görə, ombudsman Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şağan qəsəbəsindəki 3 saylı fiziki və əqli qüsurlu uşaqlar üçün İnternat evinə başçəkmə həyata keçirib, burada əqli qüsurlu uşaqların saxlanma şəraiti və onlarla rəftarı araşdırıb.

Müəssisənin bütün obyektlərinə, yataq, məşğələ və sinif otaqlarına, yeməkxanaya, hamama baxış keçirilib, araşdırma zamanı burada müəssisə rəhbərliyi, tərbiyəçilər və dayələr tərəfindən uşaqlara qarşı zorakılıq halları müəyyən edilməyib. Habelə baxış zamanı müəyyən edilib ki, uşaqlarda zəruri fiziki qabiliyyət və vərdişlər formalaşdırmaq üçün reabilitasiya kabinələri, onların istedad və bacarıqların, əmək vərdişlərinin inkişafına xidmət edən dərnəklər yaradılıb, internat evində dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi – de-institutlaşma məsələsi ilə bağlı bir neçə uşaqlar da doğma ailələrinə verilib. Baxış keçirilmiş müəssisənin rəhbərliyinə saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.

Ramazan bayramı günlərində ombudsman Azərbaycan Qadın və İnkişaf Mərkəzinin nəzdindəki Ahılların Resurs Mərkəzinin üzvlərinin iştirakı ilə ahıllar üçün bayram tədbirləri təşkil edilib. Bilgəh qəsəbəsində yerləşən Müharibə və Əmək Veteranları üçün Pansionatda da ahılların iştirakı ilə bayram tədbiri təşkil edilib, onlara bayram sovqatları və Müvəkkilin təbrikləri çatdırılıb. E.Süleymanova əlilliyi olan insanları da unutmayıb, mübarək bayram günlərində əlil və kimsəsiz ailələrlə görüşüb, onları təbrik edib, bayram hədiyyələri və sovqatları verilib, müraciətləri qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə