Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon Təşkilatı Gənclər Birliyinin bir qrup fəal üzvü bayram gününü kimsəsiz uşaqlarla birgə keçirdilər. SİA-nın məlumatına görə, gənclərin təşkilatçılığı ilə kimsəsiz uşaqlar üçün bayram süfrəsi açılıb. Uşaqlar tərəfindən şeirlər səslənib, musiqilər ifa edilib. Hər bir uşağa ayrıca bayram hədiyyələri təqdim edilib. Musiqi sədaları altında gənclər körpələrlə birgə rəqs edib, onların sevinclərini paylaşıblar. Uşaqlarla ayrılıqda səmimi söhbət edən gənclər onların qayğıları ilə maraqlanıb, arzularını dinləyiblər. Yaranan isti münasibət, uşaqlara göstərilən qayğı uşaqlarla yanaşı gəncləri də çox sevindirib. Gənclər məktəb rəhbərliyi ilə birgə uşaqların yataq otaqları, istirahət guşələri və tədris mərkəzi ilə tanış olublar.
Bu cür xeyirxah addım atmaqla gənclərimiz düşünür ki, hər bir Azərbaycan vətəndaşı dövlətimizə sığınan bu körpələrin qayğısına qalmalıdır. Dövlətimiz tərəfindən bütün şəraitlə təmin olunsalar da, onların isti nəfəsə, səmimi münasibətə ehtiyyacı var.
Bütün körpələr gələcəyin gənci, Müstəqil Dövlətimizin gələcəyidir. Gəlin, gələcəyimizi birgə qoruyaq!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB