Türkiyənin Yalova şəhər bələdiyyə başçısının məsləhətçisi Şəmsəddin Şəkərin rəhbərlik etdiyi nümayəndə heyəti AMEA Hüseyn Cavidin Ev Muzeyində olub. SİA-nın xəbərinə görə, görüşdə Ş.Şəkər Azərbaycana səfərin məqsədinin Türkiyədə həyata keçirmək istədikləri mühüm bir layihə ilə bağlı olduğunu bildirib. O, Azərbaycandakı səfirliyimizin mədəniyyət attaşeliyi ilə birgə reallaşdıracağımız layihə çərçivəsində Yalovada "Türk dünyası şairlər otağı" muzeyini yaratmaq niyyətində olduğunu deyib.
Həmin muzeydə türk dünyasını bir-birinə yaxınlaşdıran, həyatlarını bu işə həsr edən söz adamları, istiqlal şairləri barəsində materiallar toplanacaq. İndiyədək yaşayıb-yaratmış böyük türk şairlərindən 40 nəfər haqqında müxtəlif materiallar - kitablar, broşürlər, filmlər, fotolar və s. muzeydə nümayiş etdiriləcək. Mövzularla bağlı sənədli filmlərin çəkilişi də nəzərdə tutulur. Ş.Şəkər Azərbaycandan da dörd böyük istiqlal şairinin – Hüseyn Cavid, Əhməd Cavad, Məhəmmədhüseyn Şəhriyar və Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığının gənc nəslə, o cümlədən turistlərə tanıtmaq, təbliğ etmək istəyində olduqlarını bildirib.
AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı qonaqlara H.Cavidlə bağlı materialların əldə olunmasında hər cür köməkliyi göstərəcəyini bildirib. Sonra türkiyəli qonaqlar dahi sənətkarın ev muzeyi ilə tanış olublar. Onlara muzeyin tarixi, Hüseyn Cavidin həyat və yaradıcılığı, Cavidlər ailəsinin faciəli taleyi haqqında ətraflı məlumat verilib.
Hüseyn Cavidin əsərlərinin beşcildlik külliyyatı, sənətkarın fransız dilində "Məhəbbətdir ən böyük din" seçmə şeirlər kitabı, onun oğlu Ərtoğrul Cavidin diskləri qonaqlara hədiyyə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB