Azərbaycanın füsunkar guşələrindən olan Füzuli rayonunun erməni təcavüzkarları tərəfindən işğalının 19-cu ildönümü ilə əlaqədar rayonun məcburi köçkünlər üçün salınmış Zobucuq qəsəbəsində "Füzulisiz 19 il" adlı anma mərasimi keçirilib.
Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəman Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Rayon ağsaqqallarının, rayon ictimaiyyətinin, gənclər təşkilatlarının, əmək kollektivlərinin nümayəndələrinin, şəhid ailələrinin üzvlərinin iştirak etdiyi tədbirdə çıxış edənlər 1990-cı illərin əvvəllərinə baş verən hadisələrdən, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətindən danışıblar. Bildirilib ki, 1993-cü il avqustun 23-də Füzuli şəhəri, Horadiz qəsəbəsi və rayonun 82 kəndi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İşğal nəticəsində 80 məktəb, 13 xəstəxana, 69 mədəniyyət evi və klub, 90 kitabxana, 2 muzey, 9 musiqi məktəbi, dövlət dram teatrı dağıdılıb. Müharibə zamanı rayon sakinlərindən 740 nəfər şəhid olub, 192 nəfər girov götürülüb, 1240 nəfər sağlamlığını itirib. Torpaqlarımızın müdafiəsi uğrunda fədakarlıq göstərmiş füzulililərdən 8 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Qeyd olunub ki, 1994-cü ilin yanvarında ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu rayonun 21 kəndini və Horadiz qəsəbəsini işğaldan azad edib. Hazırda rayonun 1382 kvadratkilometr ərazisinin 682 kvadratkilometri – 1 şəhər, 61 kəndi işğal altındadır. 115 min nəfər əhalinin 45 min nəfərdən çoxu respublikanın 50 şəhər və rayonunda, 70 min nəfərə yaxını isə rayonun işğaldan azad edilmiş ərazilərində məskunlaşıb.
1996-cı ildən başlayaraq rayonun işğaldan azad olunmuş ərazilərində infrastrukturun bərpasına başlanılıb, məcburi köçkünlər üçün 16 qəsəbə salınıb. Təhsil, səhiyyə və mədəniyyət müəssisələri, yollar, körpülər, elektrik və suvarma sistemləri, evlər yenidən tikilib və bərpa olunub, Horadiz qəsəbəsinə şəhər statusu verilib.
Tədbirdə Füzulinin işğaldan əvvəlki və sonrakı görüntülərini, rayonun işğaldan azad edilmiş hissəsində gedən sosial-iqtisadi inkişafı əks etdirən film nümayiş etdirilib.
Çıxışlarda Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın milli mənafeyinə uyğun həll olunacağına, işğal altındakı bütün ərazilərimizin düşmən tapdağından azad ediləcəyinə inam hissi əminliklə vurğulanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB