Sultanın bizdən son istəyi

İradəmizə hakim olmağı bizə mərhəmətlə öyrədən oruc ibadətini yaşadığımız, Rəbbimizin bizlərə dünya və axirət bələdçisi olaraq göndərdiyi, Quranı bolca oxuyub, anlamağa çalışdığımız, insani və əxlaqi duyğularımızı gücləndirən, sosial yardımlaşmanın, sevgi və neməti paylaşmanın zövqünü yaşadan zəkat və sədəqələrimizi verdiyimiz Ramazan ayı artıq bizə əlvida deyir. İnsan ruhunu parladan, günahları yuyan, cismani və nəfsi arzulardan uzaqlaşdıran, bütün gözəlliklərin qaynağı on bir ayın sultanı bu il də bizə "gedirəm artıq, növbəti ilə görüşmək üzrə inşaallah" təmənnası ilə əl edir.

Ramazan paylaşmaqdır demişdik. Ay ərzində iftar süfrələrimizi, namaz səflərimizi, orucumuzun savabını paylaşdıq. Oruc ibadətimiz bu ayda bizə çox şeyi paylaşmağı da öyrətdi. Oruc- tutmaq qədər tərk etmək mənasında da olduğu üçün, ruhu tutub, cəsədi, nəfsi tərk etdik bu ayda. Qalıcı olanı tutub, keçici olanları da tərk etməyi öyrəndik. Paylaşmaq da əslində hardasa tərk etməkdir. Zəkat, sədəqə, infaq paylaşmanın fərqli adlarıdır. Bu ibadətlərimiz ilə də içimizdəki var-dövlət ehtirasını, dünya tamahını, eqoizmi bir kənara qoyub, mömin əxlaqını da xanəmizə aldıq.

"Əvvəli rəhmət, ortası bağışlama, sonu cəhənnəmdən qurtuluş" olaraq Allah Rəsulu tərəfindən dəyərləndirilən bu ayda qurtuluşa çatanlardan ola bilmək üçün son günlərin də qiymətini bilməliyik.

On bir ayın sultanı sona çatdığı üçün "Kim Ramazanı fərz olduğuna inanaraq və mükafatını Allahdan istəyərək oruc tutaraq keçirərsə keçmiş günahları bağışlanar" sözünün gərəyini yaşayacağımız zamanın son dəmidir. Rəbbin qulunu həmsöhbət qəbul etdiyi üçün zamanın ən böyük bayramıdır, bayramın müjdəçisidir.

Bayramlar insanlar arasındakı qarşılıqlı sevgi və hörmətlinin pərçimləndiyi, insanların bir-birləri ilə olan incikliklərini unutduqları, barışdıqları, qardaşcasına qucaqlaşdıqları, milli və dini duyğuların, inancların, ənənə və adətlərin tətbiq olunub sərgiləndiyi, bir cəmiyyətdə millət olma şüurunun şəkilləndiyi, qüvvətləndiyi günlərdir.

Bayramları Allah bizə nəsib edir. Biz də o bayramların qiymətini bilməliyik. Bayram sevinməkdir. Sevinənlərin sayı artdıqca bayramlar bayram olar. Bayramlarda nə qədər insan sevindirsək, bayramların ləzzətini o qədər çıxararıq. Bayramdan sonra Ramazandakı həyatımızı ömrümüzün hər anına sərək.

İnsan və müsəlman olmağın üzərimizə yüklədiyi vəzifə və məsuliyyətlə hərəkət etməliyik. Yalan danışmamaq, qul haqqı yeməmək, yetim haqqını yedirməmək, qonşusu ac ikən tox yatmamaq, fərdlər olaraq özümüzü də, yaşadığımız cəmiyyəti də ucaltmaq bu dəyərlərə daha sıx sarılmaqla mümkündür.

Arxasına və ətrafına baxmadan gedən insanın yolu yol deyil. Bu bayram gününə min bir çətinlik və çarəsizliyin içindən keçərək girən, uşağına bayram geyimi, hədiyyəsi ala bilməyən, bəlkə təvazökar bir bayram süfrəsi belə qura bilməyən minlərlə ailənin iztirabına uzaqdan baxmaqla yaşanan bir bayram həqiqi bir müsəlmanın təsəvvüründə özünə yer edə bilməz.

Zəkat və fitrələrini verməmiş olanlarımız üçün vaxt hələ də var. Yoxsulu, yetimi və çarəsizi sevindirmək üçün bir xeyriyyəçi gözləyən on minlərlə qapıdan birinə də biz yönələk. Bir bayram gününə uşağına bayram cib xərcliyi verə bilməməyin əzikliyi altında qalan ataların dramına laqeyd qala bilmərik. Sultanın bizdən son istəyidir bunlar!

Bütün ötən günlər ömür təqvimindən düşən yarpaqlara bənzəyirsə, Ramazan ayının mübarək günlərindən ötən hər gün, hər saniyə, hər an belə, daha dəyərli olduğu üçün itkisi də daha ağrılı olur. Allah xalqımıza, dövlətimizə, İslam dünyasına daha gözəl və bərəkətli Ramazan günləri yaşatsın.

Hər zaman bir yerdə, sevgi dolu və sülh içində neçə belə bayramlar keçirmək diləyi ilə, Ramazan Bayramınız mübarək olsun!

Bütün xəbərlər Facebook səhifəmizdə