"Şok" açıqlamaya tutarlı cavab

Avqustun 6-da Naxçıvandakı "N" saylı hərbi hissədə hemorragik vaskulit xəstəliyindən vəfat edən əsgər Tayfur Bəyovla bağlı yanlış məlumatlar meydana atıldıqdan sonra bəzi "hərbi ekspertlər" və "yazarlar" dünyasını dəyişən əsgərlərin guya daxili orqanlarının götürülməsi barədə mövzunu gündəmdən çıxarmaq istəmirlər.

Müdafiə Nazirliyindən SİA-ya verilən açıqlamada bildirilib ki, istər mülkidə, istərsə də hərbidə hər hansı ölümün səbəbini təyin etmək məqsədi ilə meyid yarılır və onun daxili orqanlarından laborator müayinələr üçün tikəciklər (histoloji, kimyəvi, bioloji, kriminalistik) götürülür. Bu proses ölümün səbəbini tam dəqiqləşdirilməsi məqsədi ilə hüquq mühafizə orqanlarının yazılı qərarı əsasında, video və foto çəkiliş əsasında həyata keçirilir. Meyidin müayinəsində prokurorun və ya müstəntiqin icazəsi ilə mərhumun valideynləri, yaxud yaxın qohumları iştirak edə bilərlər və əksər hallarda iştirak edirlər də.

İstər xəstəlikdən, istərsə də zorakılıqdan ölüm hallarına görə meyid yarılır. Ekspertizanın keçirilməsinə dair müvafiq təlimata əsasən meyidin müayinəsi zamanı üç boşluq - kəllə boşluğu, döş boşluğu və qarın boşluğu açılır. Həmin boşluqdakı orqanlar məhkəmə tibb eksperti tərəfindən çıxarılır, müayinədən keçirilir və yenidən qaytarılaraq həmin boşluqlara qoyularaq tikilir. Sonra meyit yuyulur və ağ mələfəyə bükülüb təmiz halda aidiyyəti üzrə təhvil verilir.

Ümumiyyətlə, dünyanın hər yerində meyidin müayinəsi bu cür aparılır və heç bir yerdə bizdəki kimi bunu daxili orqanların çıxarılaraq satılması kimi qələmə verilməyə cəhd edilmir. Ən azı ona görə ki, onlar ölmüş insanların toxumalarının da öldüyünü və yararsız olduğunu bilirlər. Bizdəki "ekspertlər" və ya "yazarlar" kimi öz savadsızlıqlarını nümayiş etdirmirlər.

Sonda diqqətinizə bir məsələni çatdırmaq istəyirəm ki, sifarişli şəkildə Müdafiə Nazirliyinə qarşı aparılan bu çirkin kampaniyaya biganə qalmaq fikrində deyilik. Təsəvvür edin, "hərbi ekspert" Ələkbər Məmmədov iddia edir ki, əsgərlərin orqanlarının çıxarılması bəzi oliqarxlara orqanların lazım olması ilə bağlıdır. Bu ittihamlarla bağlı mən Ələkbər Məmmədovu məhkəməyə verməyi düşünürəm. Qoy dediklərini sübut etsin.

Bütün xəbərlər Facebook səhifəmizdə