Sədaqət Vəliyeva: Çalışırıq ki, rayonumuzun ərazisində yaşayan ailələr Ramazan bayramını xoş əhval-ruhiyyə və bol süfrəli keçirsin
Yeni Azərbaycan Partiyasının (YAP) Nizami rayon təşkilatının, rayonun deputatları Rövnəq Abdullayevin və Sədaqət Vəliyevanın təşəbbüsü ilə on bir ayın sultanı olan Ramazanda iftar süfrələri açmaq artıq ənənəyə çevrilib. Rayon ərazisində Ramazan ayında oruc tutmuş hər bir sakinə daha yaxın olmaq, onları dinləmək və bayramlarını təbrik etmək isə təşkil olunan iftar süfrələrinin əsas qayəsini təşkil edir. Bu dəfə də ənənəyə sadiq qalaraq, Nizami rayonunda iftar süfrələri açılıb.
Avqust ayının 8, 10, 13, 15 tarixlərində Nizami rayonunun Keşlə qəsəbəsində, eyni zamanda, sakinlərin daha sıx məskunlaşdığı ünvanlarda keçirilən iftar mərasimlərində əvvəlcə "Qurani-Kərimdən" ayələr oxunub, dualar edilib. Oxunan dualarda isə əldə etdiyimiz müstəqilliyin əbədi olması, işğal altındakı torpaqlarımızın azad edilməsi və bu ərazilərdə də iftar süfrələrinin açılması, xalqımızın həmişə əmin-amanlıq və yüksək rifah şəraitində yaşaması ifadə olunub.
Həmin mərasimlərdə çıxış edən Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatının sədri, deputat Sədaqət Vəliyeva sakinləri bayram münasibətilə təbrik edib və bildirib ki, Azərbaycan xalqı müqəddəs Ramazan ayının mənəvi üstünlüklərini əsrlər boyu yaşadıb, oruc tutmaq, iftar süfrəsi açmaq kimi yüksək dəyərlərə daim sədaqət göstərib.
Sonra isə iftar süfrələri açılıb.
Həmçinin, rayon ərazisindəki kimsəsizlərə və aztəminatlı ailələrə Ramazan bayramı münasibətilə yardımlar da verilib. Bununla bağlı isə avqust ayının 16-da YAP-ın Nizami rayon təşkilatının qərargahında tədbir keçirilib.
Tədbirdə çıxış edən Sədaqət Vəliyeva sakinlərə müraciət edərək deyib ki, Azərbaycanda İslam dəyərlərinə böyük hörmət bəslənilir. Rayon təşkilatının sədrinin sözlərinə görə, Ramazan bayramı ölkəmizdə böyük ruh yüksəkliyilə qeyd olunur. Millət vəkili vurğulayıb ki, bütün müsəlman aləminin səbirsizliklə gözlədiyi müqəddəs Ramazan ayında edilən ən böyük ibadətlərdən biri də oruc tutmaqdır. Oruc tutmaq fəzilətli bir əməl olduğu kimi, oruclu bir kimsəyə iftar vermək də onun qədər fəzilətlidir: "Eyni zamanda, biz kimsəsizləri və digər kateqoriyadan olan aztəminatlı ailələri də yaddan çıxarmırıq. Çalışırıq ki, rayonumuzun ərazisində yaşayan ailələr Ramazan bayramını xoş əhval-ruhiyyə və bol süfrəli keçirsin".
Tədbirdəki sakinlər də Azərbaycan dövlətinin başçısı Prezident İlham Əliyevə və ölkənin birinci xanımı Mehriban Əliyevaya yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.
Sonda isə 500-dən artıq rayon sakininə bayram payı paylanıb.
Ramil VƏLİBƏYOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB