Bildiyimiz kimi avqustun 11-də İran İslam Respublikasının Şərqi Azərbaycan vilayətində baş vermiş dağıdıcı zəlzələ nəticəsində daha çox soydaşlarımız zərər çəkib. Zəlzələdən zərər çəkmiş güneyli soydaşlarımıza Tehran rejiminin biganə münasibəti bu gün dünya mediasının əsas mövzularından birinə çevrilib. Britaniya, ABŞ mediasının əsas qəzetləri İranın fəlakət bölgəsinə göndərilən yardımlardan imtina etməsini, xilasetmə işlərini yarımçıq dayandırmasını və zəlzələ qurbanlarına lazımi köməkliklər etməməsini qabardıb. Qeyd olunur ki, İran hökuməti azərbaycanlıların üzləşdiyi təbii fəlakətə diqqətsiz yanaşır. İran hökuməti isə xaricdən göndərilən yardımları qəbul etmir.
Dünya Azərbaycanlıları Konqresinin (DAK) Daimi Şurasının sədri Əjdər Tağızadə bu mövzu ilə bağlı SİA-ya öz münasibətini bildirib.
Şura sədri bildirib ki, İranın Azərbaycan vilayətində avqustun 11-də yerli vaxtla saat 17:00 radələrində qeydə alınan iki zəlzələnin episentri Təbrizdən təxminən 60 km məsafədə olan Vəzirgan, Heris şəhərləridir. İran mediası zəlzələdən 6 kəndin tam, 60 kəndin isə 80 faizə qədər dağıldığını yazır. Titrəyişlər Qərbi Azərbaycan, Ərdəbil, Zəncan və Gilan əyalətlərində də hiss edilib. İranın rəsmi qaynaqları 6 və 6,2 bal gücündə baş verən təkanlarda ölənlərin sayının 300-dən, yaralananların sayının isə 2000-dən çox olduğunu bildirir. Ölənlərin çoxu qadın və uşaqlardır.
Əjdər Tağızadənin sözlərinə görə, zəlzələ ərazisində tələfat sayının yüksək olmasına əhalinin evlərinin dayanıqsızlığı səbəb olub: "Bu ərazilərdə yaşayanlar daha çox əkin-biçinlə məşğul olur. O ərazilərdə evlərin çoxu möhkəm olmayan kərpic evlərdir. Aydındır ki, belə tikililər 6 və daha yüksək ballıq zəlzələyə davam gətirə bilməz. Kəndlərin yer üzündən silinməsinin və insan tələfatının çox olmasının kökündə də bu dayanır".
Şura sədrinin sözlərinə görə, səslənən rəqəmləri digər İran rəsmilərinin dedikləri böyük şübhə altına qoyur. İran daxili işlər naziri Məhəmməd Nəjar 600 kənddə evlərin yarıdan çoxunun dağıldığını, 16 min adamın evsiz qaldığını deyib. Göründüyü kimi, 600 kənddə evlərin yarıdan çoxunun dağılması zamanı cəmi 300 insanın həlak olduğu xəbəri o qədər də inandırıcı görünmür.
Bundan başqa, zəlzələnin episentrinə ən yaxın bölgə olan Vəzirganda bələdiyyə başçısı 12 kəndin yerlə bir olduğunu, 5000 insanın həlak olduğunu, dağıntılar altında qalan minlərlə insanın yardım gözlədiyini deyib. Alternativ qaynaqlar isə Azərbaycan vilayətində 12 min insanın həlak olduğunu, 60 min insanın isə yaralandığını və itkin düşdüyünü yazır.
Əjdər Tağızadə onu da əlavə edib ki, İran telekanalları avqustun 11-də zəlzələ haqqında heç bir xəbər yaymayıb. Zəlzələdən sonrakı 2 gündə İran mediasının baş xəbərləri Suriyada baş verənlərlə bağlı olub. Yüzlərlə insan dağıntılar altında qaldığı halda televiziya proqramlarında və hətta səhər proqramlarında zəlzələnin baş verdiyinə işarə olunmayıb. Ölkə mediasının Azərbaycan vilayətində baş verən dəhşətli zəlzələyə etinasız münasibəti Təbrizdən olan millət vəkillərinin etirazına səbəb olub. Onlar İran Məclisinin toplantısında baş verənlərə etirazlarını bildiriblər.
Şərqi Azərbaycan vilayətində baş verən zəlzələ nəticəsində xeyli insan itkisi olduğu halda İranın dövlət kanallarından olan "Kanal 3" əyləncəli veriliş yayımlayıb. Bu barədə Urmiyadan millət vəkili seçilən Nadir Qazipur İran parlamentində çıxışı zamanı bildirib. Deputat matəm günlərində belə bir verilişin yayımına etiraz edib.
Qayıdaq yenə İrana. Zəlzələdən sonra dünya ölkələri İran prezidentinə başsağlığı teleqramları və zəlzələnin nəticələrinin aradan qaldırılması üçün yardım təkliflərini göndərib. Bu sırada Azərbaycan Respublikası da olub. Artıq Azərbaycan Respublikası iki dəfə Azərbaycan vilayətinə 28 maşından ibarət yardım göndərib. Yardım sırasında həm zərərçəkənlərin müvəqqəti yaşaması üçün ləvazimatlar, həm də ərzaq var. Onu da deyək ki, zəlzələ zamanı həlak olan və yaralanan soydaşlarımız arasında Azərbaycan vətəndaşları yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB