Vüqar Rəhimzadə: “Azərbaycan cəmiyyəti ağı qaradan seçir və kimin-kim olduğunu yaxşı bilir” MÜSAHİBƏ
İctimai Palatada təmsil olunun dağıdıcı müxalifət hər zaman öz çirkin niyyətlərini həyata keçirməyə çalışır. Belə ki, onların növbəti təxribat xarakterli aksiyalarından biri Sumqayıt şəhərində təşkil olunmuşdu ki, bunun da qarşısı alınıb. YAP Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə SəsTV-yə müsahibəsi zamanı bu və ya bu kimi məsələlərə münasibət bildirib.
- Vüqar müəllim, radikal müxalifət növbəti aksiyasını Sumqayıt şəhərində keçirdi. Bu aksiya həm də AXCP- Müsavat qarşıdurmasının mövcudluğunu üzə çıxardı. Bu qurumlar arasında qarşıdurma nədən xəbər verir?
- Ümumiyyətlə, radikal, dağıdıcı müxalifət hər zaman Azərbaycan xalqının arzu və istəklərinə zidd hərəkətlər edirlər. Müxalifətin bu qanadı yarandığı gündən daxilində ziddiyət mövcud olub və bir-birlərinin əksinə fikirlər səsləndiriblər. Təbii ki, belə olan təqdirdə Azərbaycan xalqının maraqları onlar üçün əhəmiyyətsizdir. Dağıdıcı müxalifət yalnız və yalnız şəxsi maraqlarından çıxış edərək oyun sərgiləməyə çalışır. Nə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP), nə də Müsavat Partiyasının siyasi və sosial bazası var. Bununla da cəmiyyət onların kim olduğunu, nə işlə məşğul olduğunu çox gözəl dərk edir. Onlar 1990-cı ilin əvvəllərində birillik hakimiyyətləri dövründə Azərbaycan xalqının başına gətirilən müsibətlərin, faciələrin həm icraçısı, səbəbkarı, həm də təməl prinsiplərini müəyyən edən qüvvələr olub. Bu müxalifətin əsas məqsədi, işi Azərbaycan xalqına, cəmiyyətinə zərbə vurmağa hesablanıb. Reallıq budur ki, dağıdıcı müxalifətin Azərbaycan cəmiyyəti üçün heç bir perspektivi yoxdur. Onlar daim Azərbaycanda olan inkişafa, uğurlara qısqanclıqla yanaşıblar. Təkcə elə Bakıda keçirilmiş "Avroviziya" beynəlxalq mahnı müsabiqəsində müxalifətin çıxardığı hoqqabazlıqlar erməniləri dəstəkləməkdən, ermənilərin dəyirmanına su tökməkdən başqa bir şey deyildi. Azərbaycan xalqı ölkəmizin çətin məqamlarında hakimiyyəti səriştəsizlərdən, yad əllərdən xilas edən Ulu öndər Heydər Əliyev siyasətini, ümummilli liderimizin siyasi kursunun ən layiqli davamçısı Prezident İlham Əliyevi, Azərbaycan dövlətini dəstəkləyiblər. AXC-Müsavat duetinin hakimiyyətdə olduğu dövrdə insanların sabaha ümidləri belə yox idi. Hesab edirəm ki, həmin insanlar heç vaxt Azərbaycan xalqının adından danışa bilməzlər. XXX London Yay Olimpiya oyunlarının keçirilməsi ərəfəsində onlar öz dağıdıcı mövqelərini mətbuatlarında ortaya qoydular. Bunların xislətləri belədir. Azərbaycan cəmiyyəti ağı qaradan seçir və onların kim olduğunu aydın bilir.
- ACP lideri Rəsul Quliyevlə Müsavat başqanı İsa Qəmbər arasında baş verən ziddiyyətin kökündə nə dayanır? Nəyə görə, iki məslək yoldaşı bir-birilərinə qarşı əks mövqedə dayanırlar?
- Rəsul Quliyevlə İsa Qəmbərin qaranlıq keçmişi hamıya məlumdur. Bunlar yalnız xalqın bədbəxtliyi üzərində öz şəxsi xoşbəxtliklərini qurmağa cəhd edirlər. Onlar bir yerdən çörək yesələr də, bir qabdan su içsələr də həmişə mehriban düşmən rolunu oynayıblar. İstər Əli Kərimli, istər İsa Qəmbər, istərsə də Rəsul Quliyev daima ermənipərəst qüvvələrin əlində oyuncaq olublar.
- Azərbaycanda idmanın inkişafı, uğurlarımızın sayının artması üçün daha hansı addımlar atılmalıdır?
- Azərbaycan bu gün dünyanın ən qüdrətli dövlətlərindən birinə çevrilib. XXX London Yay Olimpia oyunları da ölkəmizin bütün sahələrdə olduğu kimi idman sahəsində də öz sözünü dediyini göstərdi. Bütün sahələrdə ümummilli lider Heydər Əliyevin siyasəti uğurla davam etdirilir. Ulu Öndərin xalqın təkidilə hakimiyyətə qayıdışı ölkəmizdə siyasi sabitliyin, iqtisadiyyatın təməl prinsiplərinin müəyyən olunmasında, qanunvericiliyin mükəmməl şəkildə formalaşdırılmasında əsas rol oynayıb. Bu gün Azərbaycan dövləti əsası Ulu Öndər tərəfindən qoyulan siyasətin uğurla davam etdirilməsinin bəhrələrini bütün sahələrdə görür. Prezident İlham Əliyev istər Milli Olimpiya Komitəsinin (MOK) prezidenti, istərsə də dövlət başçısı kimi daima bu sahəyə xüsusi önəm verib və diqqət yetirib. Hesab edirəm ki, bu gün də cənab Prezident İlham Əliyevin Ulu Öndər Heydər Əliyev siyasətinə əsaslanaraq idman sahəsinə göstərdiyi qayğı öz bəhrəsini verir. London olimpiyadasında idmançılarımızin 10 medalı qazanması Azərbaycan tarixində çox böyük və əhəmiyyətli hadisədir. Mən əminəm ki, hər bir azərbaycanlı bu faktdan qürur hissi keçirir.
Ceyhun Eyyubov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB