Qənirə Paşayevadan zəlzələ müraciəti

Qənirə Paşayevadan zəlzələ müraciəti

Hazırda Cənubi Azərbaycanda baş vermiş zəlzələ bölgəsində olan millət vəkili Qənirə Paşayeva həmkarlarına və Azərbaycanın olimpiya çempionlarına çağırış edib. SİA-nın məlumatına görə, xanım deputat şəxsi "Facebook" profilində deputatlara müraciət edib.

Qənirə Paşayeva bildirib ki, zəlzələ bölgələrində insanımızın bu qədər acı və üzüntüsü hamımızın içini yaralayır: "Qardaş-bacılarımızın dəstəyə ehtiyacları var. Həm maddi, həm də mənəvi dəstəyə. Düşünürəm ki, ilk növbədə millət vəkilləri olaraq biz hamımız ən azı bir-iki aylıq əmək haqqımızı zəlzələdən əziyyət çəkən bacı-qardaşlarımıza verməliyik. Dövlətimizin yardımı ilə bərabər bu addımı da atmamız önəmli bir dəstək olar bacı-qardaşlarımız üçün".

Millət vəkili sonda qeyd edib ki, o inanır ki, həmkarları onun bu addımına dəstək olacaqlar.

Millət vəkili həmçinin olimpiya çempionlarına da müraciət edib: "Milliyyətcə azərbaycanlı iki qardaşımız Qasem Rezai və Hamid Mohammad Sourian qızıl medala görə pul mükafatını Güney Azərbaycanda zəlzələdə zərər çəkənlərə yardım fonduna bağışlayıb. Qürur duyuruq. Olimpiyadada qızıl medal qazanmış qaliblərimiz Toğrul Əsgərov, Şərif Şərifov və digərləri də pul mükafatının bir hissəsini bağışlasa, bu, maddidən daha çox böyük bir mənəvi dəstək olar. Onların belə bir addım atacağını çox istərdik. Bu zəlzələdən zərər çəkmiş bacı-qardaşlarımıza böyük mənəvi dəstək olardı…".

Bütün xəbərlər Facebook səhifəmizdə