"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, siyasi elmlər namizədi Hikmət Babaoğlu London XXX Yay Olimpiya oyunlarında Azərbaycan idmançılarının iştirakı ilə bağlı SİA-nın suallarını cavablandırıb.
- İdmançılarımızın XXX Yay Olimpiya oyunlarında iştirakını, ümumiyyətlə qələbələrini necə qiymətləndirirsiniz?
- London Olimpiyadasında Azərbaycan idmançılarının mükafat yerlərinə sahib olmaları ölkəmizin idman tarixində mühüm bir hadisədir. XXX Yay Olimpiyadasında qalib olan bütün idmançılarımızı ürəkdən təbrik edirəm. Bu qələbəyə sevinən Azərbaycanın hər bir fərdini, cəmiyyətin hər bir üzvünü təbrik edirəm. İdman özlüyündə milləti, xalqı, dövləti və bayrağı təmsil etmək üçün bir vasitədir. İdman yarışları qalib gəlmək üçün deyil, burada hər bir millətin nümayəndəsi onu təmsil etsin deyə, keçirilir. İdman dostluq, həmrəylik və bir yarış mühitidir. Bu mühitdə də son illər Azərbaycan idmançılarının ardıcıl olaraq qələbələr əldə etməsi, xüsusən də bu dinamikanın inkişaf tendensiyası hər bir azərbaycanlı üçün qürurverici bir hadisədir. Azərbaycan Respublikası müstəqil bir dövlət olaraq 1996-cı ildən olimpiyada oyunlarına qatılır. Ötən illər ərzində Azərbaycan idmançılarının əldə etdikləri nailiyyətlərin dinamikasını izləsək görərik ki, həm idman növləri üzrə, həm də əldə edilən medalların sayı etibarilə burada yüksələn bir qrafika var. Mən hesab edirəm ki, bu qrafika özü Azərbaycanın idman ölkəsi kimi diamik olmasından və uğurlarından xəbər verir. Amma bu uğurlar özü-özünə həll edilmir. Çətin bir idman yarışında kiçik bir dövlət olaraq, Azərbaycanın böyük uğurlar əldə etməsinin arxasında təbii ki,dövlətin idmana qayğısı durur. Bu gün ölkəmizin bütün regionlarında Olimpia Kompleksləri tikilib. Hamıya bəllidir ki, bu gün bütün rayonlarda idmanının inkişafı üçün hər cür şərait yaradılıb. Azərbaycan xalqı övladlarını müxtəlif yaşlardan sağlam həyat tərzinə cəlb etməklə, ilk növbədə millət olaraq genofondumuzun müdafiəsinin qayğısına qalır. Orada yetişən güclü, cəsur və daha çox öz üzərində işləyən gənclərimiz bu cür möhtbər yarışlara qatılır. Azərbaycanın bu gün idman ölkəsi olması heç bir halda mübahisə doğurmur. Təkcə 2011-ci ildə Azərbaycanda 36 beynəlxalq yarış keçirilib. Bu yarışların əksəriyyəti olimpiyadaya lisenziya qazanıb. 2012-ci ilin 6 ayında Azərbaycanda 28 beynəlxalq səviyyəli yarış keçirilib. Azərbaycan idmançıları məhz belə yarışlarda qələbə qazanaraq XXX Yay Olimpia oyunlarında təmsil olundular. Əldə olunan nəticə möhtəşəmdir, 10medal: iki qızıl, iki gümüş və altı bürünc medal. Lakin məsələ ondadır ki, bu nailiyyətlər bəzi anti-azərbaycançılar tərəfindən qəbul olunmur. Mən çox təəssüf edirəm ki, Azərbaycanın daxilində də ayrı-ayrı müxalifət qüvvələri məhz bu anti-azərbaycançı mərkəzlərlə həmrəydirlər. Mən belə hesab edirəm ki, məhz onların birgə fəaliyyəti nəticəsində biz əldə edə biləcəyimiz bir neçə medalə itirmiş olduq. Bilirik ki, anti-azərbaycançı mərkəzlər BBC kanalı vasitəsilə müxtəlif dezinformasiyalar yaydılar, Azərbaycan idmançılarını və təşkilatçılarını bir növ şantaj etdilər. Nəticədə bu Azərbaycan idmançıların qarşı haqsızlıq idi.
- Hikmət müəllim, təəssüf ki, boks yarışları süni maneələr yaradılması tendensiyası ilə də müşahidə olundu. Bu haqsızlıq Beynəlxalq Boks Federasiyasının imicinə mənfi zərbə sayıla bilərmi?
- Ümumiyyətlə, mən belə hesab edirəm ki, bu bütövlükdə idman ictimaiyyətinə qarşı edilən bir haqsızlıqdır. İdmanın milləti, mənsubiyyəti yoxdur. İdmançılar bütün halda milliyətindən, etnik kökündən, hansı ölkəni təmsil etməsindən aslı olmayaraq yaradılmış federasiyalardan, hakimlərdən ədalət umurlar. Anti-azərbaycançı mərkəzlərin əli ilə Azərbaycanın əleyhinə şayələr yayılır. Bundan sonra hakimlər, Beynəlxalq Boks Federasiyası, burda iştirak edən idman təşkilatçıları bu şantajdan qorxaraq və yaxud hansısa görünməz əl vasitəsilə azərbaycanlı idmançılara qarşı haqsızlıq etdilər. Mən belə hesab edirəm ki, boksçumuz Teymur Məmmədov italiyalı və rus ilə döyüşün qalibi idi.
- Azərbaycanın Olimpiyadadakı parlaq qələbəsinə sevinməyənlər sırasında dağıdıcı müxalifətin və onların təbliğat maşını olan qəzetlərin olması təəssüf və təəccüb doğurmur ki?
- Təəssüf doğurur, lakin təəccüb doğurmur. Dəfələrlə qeyd olunub ki, siyasət üçün idman və mədəniyyət kimi hadisələr vasitə ola bilməz. Amma çox təəssüf ki, hər fürsətdə radikal müxalifət adlandırılan bir qrup insanlar məhz qeyri-siyasi vasitələrdən siyasi vasitələr kimi istifadə etməyə çalışırlar. Hər dəfə də uğursuzluğa düçar olurlar, hər dəfə də seçiciləri tərəfindən cəzalandırılırlar. "Eurovision" yarışmasında olduğu kimi XXX Yay Olimpiya oyunlarında da biz bunun bir daha şahidi olduq. İdman xoşbəxtliyi deyilən bir nüans var. Olimpiyada günlərində Azərbaycan idmançıları bir növ uğursuz zolağa düşmüşdülər. Müxalifət qüvvələri bu mötəbər yarışın sonunu belə gözləməyə səbrləri çatmadı. Bu qüvvələr dərhal Azərbaycan idman təşkilatçılarının, ictimaiyyətinin, dövlətin və hakimiyyətin ünvanına müxtəlif əsassız idialar səsləndirməyə başladılar. Bir cümlə ilə onlar uzun illər Azərbaycanda idmana göstərilən qayğı ilə bağlı görülən işlərin inkişafını, tikilən idman komplekslərinin üstündən bir qələmlə xətt çəkməyə çalışırdılar. Çox təəssüf ki, bir sıra mətbuat orqanlarında o cür siyasətçilərə rupor olublar. Onların dediklərini qəzet və elektron media vasitəsilə tirajlayırlar. Azərbaycan xalqı, cəmiyyəti, idman ictimaiyəti onların fikirlərini qəbul etmirlər. Çünki bu idman iqtidar-müxalifət məsələsi deyil. İdman ümummilli məsələdir. İdmançılar mötəbər yarışlarda hakimiyyəti və ya müxalifəti təmsil etmirlər. Onlar Azərbaycan xalqını və bayrağını qaldırmaq uğrunda mübarizə aparırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB