Bu istinin səbəbi nədir?

Avqustun 17-dək hava şəraitinin günəşli və yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova SİA-ya açıqlamasında deyib ki, avqustun 15-16-da Bakı və Abşeron yarmadasında mülayim şimal küləyi əsəcək, havanın temperaturu gecə saatlarında 22-27, gündüz saatlarında isə 37-39, bəzi yerlərdə 40 dərəcə olacaq. Abşeron çimərləklərində dəniz suyunun hərarəti 29-30 dərəcə təşkil edəcək. Eləcə də bölgələrdə hava əsasən yağmursuz keçəcək. Havanın temperaturu Mərkəzi Aran rayonlarında, eləcə də Naxçıvan Muxtar Respublikasında 38-40, bəzi yerlərdə 42 dərəcəyədək isti, dağlarda isə günorta saatlarında 30-34 dərəcə isti təşkil edəcək.

Avqustun 17-dək Bakıda və Abşeron yarımadasında zəif küləklərin üstünlüyü, eləcə də gündüz saatlarında boğanaq hava şəraiti əksər insanlar üçün əlverişsizdir. Uzun müddət havada qalmaq məsləhət görülmür.

G.Məmmədova havaların son zamanlar niyə belə isti keçməsinə də aydınlıq gətirib. O bildirib ki, havaların isti keçməsinin günəşdə baş verən partlayışlar və digər hadisələrlə əlaqəsi yoxdur. Onun sözlərinə görə, bunların hamısı ölkə ərazisinə daxil olan istilik hava cərəyanlarının təsiridir. Belə ki, ölkə ərazisinə daxil olan isti hava cərəyanlarının təsiri nəticəsində havanın temperaturu Bakıda və Abşeron yarımadasında 37-39, bəzi yerlərdə 40, Mərkəzi Aran rayonlarında, eləcə də Naxçıvan MR-da 38-40, dağlarda isə günorta saatlarında 30-34 dərəcə təşkil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə