Gənclərin I Liderlik Forumu keçiriləcək

Gənclərin I Liderlik Forumu keçiriləcək

8-11 sentyabr tarixləri arasında Azərbaycan Gənclər Paytaxtı olan Gəncə şəhərində Azərbaycan Gənclərinin I Liderlik Forumu keçiriləcək. SİA-nın xəbərinə görə, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Gənclər Fondu, Gəncə şəhər İcra Hakimiyyəti, "Gənclərin Dostluq Şəbəkəsi" İctimai Birliyi və "İRƏLİ" İctimai Birliyininin təşkilatçılığı ilə reallaşacaq.

Bütün ölkədən 200 nəfər fəal gəncin iştirak edəcəyi və Gəncə Ramada Hoteldə baş tutacaq Forumun keçirilməsində əsas məqsəd fəal Azərbaycan gənclərini bir araya toplayaraq onları əhatə edən eyni zamanda ölkə gündəmində olan məsələlərlə bağlı fikir mübadiləsinin aparılması, real təkliflərin irəli sürülməsi, gənc liderlər arasında işgüzar münasibətlər və əməkdaşlıq layihələrinin artırılması, dövlət və dövlətçiliyimizin inkişafı naminə gənc liderlərin müsbət enerjisindən bəhrələnməkdir. Gənclərin Liderlik Forumunun formatı interaktiv mühazirə və müzakirələr formasındadır. Forumun keçirilmə mövzuları forumun baş tutacaq cari dövrün aktual məsələləri ilə bağlı olacaq. Eyni zamanda, Gənclərin Liderlik Forumunun əsas özəlliyi dövlət, hökumət, biznes, media, QHT, beynəlxalq strukturlar kimi fərqli sahələrin ən tanınmış nümayəndələri ilə gəncləri bir araya gətirərək effektiv fikir mübadiləsinin həyata keçirildiyi unikal platforma olmasındadır.

Forumda dövlət və hökümət təmsilçiləri, millət vəkilləri, tanınmış ictimai xadimlər, elm, mədəniyyət, incəsənət adamlarının iştirakı ilə açıq müzakirə panelləri keçiriləcək. Bu il ilki keçiriləcək və 5 gün davam edəcək Gənclərin Liderlik Forumu mütəmadi olaraq ildə bir dəfədən az olmamaq şərtilə keçirilməsi planlaşdırılır. Təhsil və karyerasında uğur qazanmış 14-29 yaş arası şəxslər forumda iştirak üçün müraciət hüququna malikdir. Forumun iştirakçıları seçim əsasında müəyyən olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə