MİRAS Mədəni İrs düşərgələri başlayır

MİRAS Mədəni İrs düşərgələri başlayır

MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Orta əsr Ağsu şəhəri arxeoloji turizm kompleksi layihəsi çərçivəsində Mədəni İrs düşərgələri təşkil edir. İctimai Birlikdən SİA-ya verilən məlumata görə, düşərgədə iştirak edənlər əsasən MİRAS İctimai Birliyinin üzvləridir. Onlar həftə ərzində arxeoloji tədqiqatlarla tanış olur, əşyaların və tikili qalıqlarının konservasiyasını öyrənir, sənədləşdirmə və fotoların çəkilməsi işinə bələd olurlar. Düşərgənin sonunda iştirakçıların bilikləri yoxlanılır və onlara düşərgədə olduqlarını təsdiq edən sertifikatlar təqdim olunur.

İlk düşərgə 07-11 avqust tarixində baş tutub. Tarixçi, iqtisadçı və musiqiçi ixtisaslarına sahib olan magistr və tələbələr (Albina Rzayeva, İlqar Babayev, Ayşən Mehdiyeva və Ruslan Adıgözəlov) Azərbaycanın türk-islam mədəniyyətinin nadir qalıqlarından olan Ağsu şəhərindəki islam maddi-mədəniyyət nümunələri ilə tanış olub, bəzi qeydlər götürüblər. Qazıntıdan yenicə aşkar olunmuş metal sikkələrin bərpaçı-rəssam Vüqar Quliyev tərəfindən təmizlənməsini izləyən iştirakçılar, V qazıntı sahəsindəki evlərdən birinin həyəti ilə birlikdə konservasiyasında da yaxından iştirak ediblər.

Sonuncu gün Orta əsr Ağsu şəhərində MİRAS musiqi qrupu Həmzə Nigarinin qəzəllərindən ibarət kompozisiyanın məşqlərini ediblər. Məşqləri qazıntıda çalışan işçilər maraqla izləyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə