SAM-ın direktoru “Yay Liderlik Məktəbi”nin qonağı olub

SAM-ın direktoru “Yay Liderlik Məktəbi”nin qonağı olub

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) 9 – 15 avqust tarixləri arasında Şəkidə reallaşdırdığı "Xəmsə" – "Yay Liderlik Məktəbi" davam edir. ATGTİ-nin mətbuat katibi Məcid Musayevin SİA-ya verdiyi məlumata görə, "Liderlik Məktəbi"nin proqramına uyğun olaraq layihə iştirakçıları ötən gün Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Mammədovla görüşüblər. Görüşdə gənclərlə müasir dövlət siyasəti, milli idealogiya (Azərbaycançılıq), və tarix haqda söhbət edən F.Məmmədov qeyd edib ki, hər bir ölkə üçün onun milli maraqların düzgün ifadə olunması vacib şərtdir və bu sahəyə yenilik gətirmək gənclərin üzərinə düşən vəzifədir.

Daha sonra gənclərin çoxsaylı suallarını cavablandıran SAM-ın direktoru gəncləri ölkənin ictima-siyasi həyatında fəal olmağa səsləyib.

Xatırladırıq ki, 5-ci dəfə ATGTİ tərəfindən reallaşdırılan "Liderlik Məktəbi" çərçivəsində dünən layihə iştirakçıları Beynəlxalq gənclər gününü müxtəlif musiqi nömrələri və kiçik şou-proqramlarla qeyd ediblər. Əlavə olaraq, gənclər "Xəmsə" "Yay Liderlik Məktəbi"nin xüsusi divar qəzeti olan "5 hərfli UĞUR" qəzetində bu bayramın tarixi haqda geniş məqalələr təqdim ediblər.

Qeyd edək ki, avqustun 14-də "Xəmsə" – "Yay Liderlik Məktəbi"nin rəsmi bağlanış mərasimi keçiriləcək, elə həmin gün iştirakçılar onlar üçün təşkil edilmiş 4 müxtəlif təlim üzrə imtahan verəcəklər. İmtahanı uğurla keçən gənclərə "Liderlik Məktəbi" layihəsinin sertifikatları təqdim olunacaq, ümumilikdə isə "Liderlik Məktəbi"nin qalib komandası "Embawood" şirkəti və "Nil" mağazalar şəbəkəsi tərəfindən hədiyyələt qazanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə