Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarının yüksək nəticələr əldə etməsi bir daha göstərdi ki, çəkilən zəhmət nəhayət öz bəhrəsini verməlidir. Xatırladaq ki, London Yay Olimpiya Oyunlarında Azərbaycanı 16 idman növündə 53 atlet təmsil edib. Olimpiya oyunlarında Azərbaycan idmançıları 10 medal qazanıblar (2 qızıl, 2 gümüş və 6 bürünc medal).
SİA-nın əməkdaşı paytaxt sakinlərindən idmançıların əldə etdiyi uğurlar barədə münasibət öyrənib.
Səfərəli Səfərxanov:
- Sevincimizin həddi yoxdur. Bu bütün Azərbaycan xalqının sevincidir. İdmançılarımızın xarici ölkələrdə Azərbaycanı belə yüksək səviyyədə təmsil etməsi, öz ölkəsinə qızıl, gümüş və bürüc medal qazandırması fəxr olunası haldır. Biz televiziya vasitəsilə bu yarışları izləyəndə inanın ki, sevincdən gözlərimiz doldu. Çünki bizim səsimiz beynəlxalq arenadan gəlirdi. Xüsusilə, idmançılarımızın bu uğurları bir daha sübut etdi ki, Azərbaycan xalqının oğulları Azərbaycanın adını hər zaman yüksəkdə tutur. Bir daha təbrik edirəm. Arzu edirik ki, uğurları davamlı olsun.
Əmir Dadaşov:
- XXX London Yay Olimpiya Oyunlarında Azərbaycanlı idmançıların iştirakı və burada ölkəsinə uğurlar qazandırması hər kəs kimi məni də sevindirir. Deyərdim ki, güləşçilərimiz Toğrul Əsgərov və Şərif Şərifov Azərbaycanın Olimpiya tarixində yeni şanlı səhifə yazıb. Digər gümüş və bürünc medal qazanan idmançılarımızı da təbrik edirəm. Bu qalibiyyət bütün Azərbaycan xalqınındır. Hər il idmançılarımızın uğurları artır. Bu onu deməyə əsas verir ki, idmançılarımız üzərinə düşən məsuliyyəti yaxşı dərk edir. Mən arzu edirəm ki, uğurlarımız daha da çox olsun. Biz buna inanırıq. Bir daha bütün idmançılarımıza uğurlar arzu edirik. Çox sağ olsunlar ki, Azərbaycanı belə yüksək səviyyədə təmsil etdilər.
Ələkbər Talıbov:
- Mən fəxr edirəm ki, Azərbaycanın belə hazırlıqlı, qabiliyyətli idmançıları var. Builki Olimpiya oyunlarında idmançılarımız həqiqətəndə rəşadət nümayiş etdirdilər. Bizim idmançıların bu yarışlarda uğurlar qazanması bir daha göstərdi ki, bizim idmançılarımız hər şeyə qadirdir. Hətta, biz televiziya vasitəsilə izləyəndə də şahidi olduq ki, idmançılarımız sərbəst şəkildə döyüş nümayiş etdirir. Dövlətimizin idmançılara diqqət və qayğısı öz bəhrəsini verir. Dövlət başçısı İlham Əliyevin idman sahəsinə göstərdiyi xüsusi qayğısı göstərdi ki, idmançılarımız onlara göstərilən etimadı doğrultmağa çalışır.
Məmmədtağı Abbasov:
- İdmançıların uğurlarına hər bir azərbaycanlı sevinir. Bu hər birimizin sevincidir. Biz fəxr etməliyik xarici ölkələrdə gənc idmançılarımız Azərbaycanı yüksək səviyyədə təmsil edir. Ölkəmizin adı beynəlxalq səviyyədə hallanır. Olimpiya oyunlarında idmançılarımızın yüksək nəticələr göstərməsi çox sevindirici haldı. Tək qızıl medal alanları yox, eyni zamanda, gümüş və bürünc medal alanları da təbrik edirəm. Uğurlarımız davamlı olsun. Uğur əldə etmək üçün idmançılarımıza yaxşı şərait yaratmaq lazımdır. Bunu da dövlətimiz idmançılara yaradıb. İnanırıq ki, Ölkə Başçısı İlham Əliyevin idman sahəsinə göstərdiyi diqqət və qayğı növbəti illərdə də öz uğurlu nəticələrini verəcək.
Nadim Qurbanov:
- Bizim idmançıların hazırlığı elə yüksək səviyyədədir ki, biz daha da böyük uğurlar əldə edə bilərdik. Amma yenə də idmançılarımız Azərbaycana 2 qızıl medal qazandırdılar. Bundan əvvəlki olimpiadalarla müqayisədə isə daha çox – 10 medalın qazanılması sevindirici haldır və inkişafın yüksək olmasından xəbər verir. Arzu edirik ki, uğurların davamı olsun.
Rübabə Mərdəliyeva:
- Əlbəttə ki, biz çox sevinirik ki, Azərbaycanın oğulları Azərbaycanı başqa ölkələrdə belə yüksək səviyyədə təmsil edir, Azərbaycana qızıl medal gətirirlər. Hər il uğurlarımız get-gedə artır. Bu uğurların qazanmasında Ölkə Prezidenti İlham Əliyevin çox böyük rolu var. Çünki bu sahəyə daim diqqət göstərir. Olimpiya Oyunlarının başlandığı gündən üçrəngli bayrağımızın dalğalanmasını və ölkəmizin himninin səsləndirilməsini arzulayırdım. Çox sevinirəm ki, bu xoşbəxt anları yaşadım.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB