Gənc Hüquqşünaslar Birliyi (GHB) Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə cari ilin avqust ayının 28-dən sentyabr ayının 1-dək Nabranda məcburi köçkün uşaqlar üçün Yay Məktəbi təşkil etməyi planlaşdırır.
AGHB-dən SİA-ya verilən məlumata görə, Yay Məktəbində 50 nəfərə qədər məcburi köçkün uşaq və müəllimlər iştirak edəcəklər. Onlar Bakının Ramanı qəsəbəsi, Goranboy, Naftalan, Ağdam, Ağcabədi, Yevlax rayonları və Mingəçevirdə yeni salınmış qəsəbələrdə yerləşən məcburi köçkün uşaqların təhsil aldığı məktəblərdə yaradılmış 14 Məcburi Köçkün Uşaq Komitələrinin seçilmiş ən fəal üzvləridir.
Məcburi Köçkün Uşaqlar üçün Yay Məktəbinin həm uşaqlar, həm də Uşaq Komitələrinin müəllimləri üçün də keçirilməsi nəzərdə tutulur. Hər bir qrupda GHB təlimçiləri tərəfindən 5 gün ərzində aşağıdakı mövzular üzrə sessiyalar keçiriləcək:
- Könüllülük
- Liderlik
- Layihə yazılışı
- Layihə idarə olunması
- Yerli icra orqanları ilə əməkdaşlığın qurulması
- Məcburi köçkün uşaqların hüquqları
Bundan başqa təcrübəli təlimçilər tərəfindən interaktiv nəzəri və praktiki sessiyalardan əlavə, uşaqlarla müxtəlif oyunlar və işçi qruplar təşkil ediləcək. Yay Məktəbi zamanı asudə vaxtlarda ekskursiyalar təşkil olunacaq. Layihə müddətində həmçinin Məcburi Köçkün Uşaqlar üçün Yaddaş Kitabçası da çap ediləcək. Kitabça 2 hissədən ibarət olacaq. 1-ci hissə məcburi köçkün icmalarında uşaqların hüquqları, 2-ci hissə isə məcburi köçkün icmaları fəalları, müəllimlər və digər maraqlı şəxslər üçün nəzərdə ictimai fəallıq, liderlik, könüllülük və layihələrin idarə olunması məsələlərini əhatə edir.
Qeyd edək ki, kitabça məcburi köçkün uşaqlar, müəllimlər və valideynlər, eləcə də əlaqədar dövlət qurumları, gənclər təşkilatları, icma əsaslı təşkilatlar, qeyri-hökumət təşkilatları, eləcə də digər maraqlı şəxslər üçün nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB