Azərbaycanda havaların isti keçməsi ilə əlaqədar hərbi hissələrdə xüsusi rejim tətbiq edilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, müdafiə naziri, general-polkovnik Səfər Əbiyev yay fəsli girəndən bununla bağlı müvafiq əmr imzalayıb.
Əmrə əsasən hərbi hissələrdə əsgərlər isti hava şəraiti ilə əlaqədar saat 11:00-dan 17:00-dək kazarma şəraitində və kölgəliklərdə saxlanılır. Məqsəd əsgər və zabitləri istidən və onun doğurduğu fəsadlardan, xüsusən də günvurmadan qorumaqdır. Eyni zamanda hərbi hissələrdə sərinləşdirici qurğular da tam gücü ilə işləyir və ona görə də temperaturun yuxarı qalxması orduda elə bir problem yaratmır.
Qeyd edək ki, 2012-ci ilin yay mövsümü başlayandan bəri mülki həyatda günvurma faktları olsa da, orduda belə bir hal qeydə alınmayıb.
Xatırladaq ki, son günlər Azərbaycan ərazisində havanın hərarəti yüksəlib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı məlumata görə, Azərbaycanın bəzi ərazilərində havanın temperaturu 40-42 dərəcə təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB