12 avqust Beynəlxalq Gənclər Günüdür. Bu tarix 8-12 avqust 1998-ci ildə Lissabon şəhərində keçirilmiş Gənclər nazirlərinin I toplantısında qəbul edilmişdir. GTM-dən SİA-ya verilən məlumata görə, bu münasibətlə bir neçə gün öncədən başlayaraq dünyanın müxtəlif ölkələrində təntənəli mərasimlər təşkil olunur və gənclərin cəmiyyətimizdə oynadığı rol dünya ictimaiyyətinə təşviq edilir.
Ölkəmizdə də Beynəlxalq Gənclər Günü münasibəti ilə Gənclər üçün Təhsil Mərkəzi və onun Mingəçevir Regional ofisi tərəfindən bir sıra təntənəli tədbirlər keçirilməkdədir.
Bu gün Mərkəzin təşkilatçılığı ilə Nabran istirahət zonasında müxtəlif 50 nəfər fəal gəncin iştirakı ilə mərasim keçirilib. Mərasimin rəsmi hissəsində çıxış edənlər Beynəlxalq Gənclər Gününün əhəmiyyətini vurğulayaraq, bu tədbirlərin Azərbaycan gənclərinin də beynəlxalq aləmə inteqrasiya olunması işinə töhfə verdiyini, gənclərimizin beynəlxalq aləmdə nüfuzunu artırdığını, beynəlxalq gənclər hərəkatlarına qoşulmağını və s. uğurları dəstəklədiyini qeyd etdilər.
Daha sonra müxtəlif şəhər və rayonlardan gəlmiş gənclər mədəniyyət, incəsənət, idman, elm, təhsil, texnologiya, iqtisadiyyat və s. sahələrdə öz istedadlarını və qazandıqları uğurları nümayiş etdirdilər. Təşkilatçılar tərəfindən onlara qazandıqları uğurlara görə diplom və hədiyyələr təqdim olunub.
Rəsmi hissənin sonunda iştirakçıların diqqətinə çatdırılıb ki, Azərbaycanın da müxtəlif beynəlxalq günlərdə fəallıq göstərdiyini nümayiş etdirmək məqsədilə bu tədbir haqqında BMT-nin katibliyinə məlumat veriləcək və təəssüf hissi ilə Ermənistanın işğalçılıq siyasəti nəticəsində on minlərlə gəncimizin hələ də öz yurd-yuvalarından didərgin düşməsinə beynəlxalq ictimaiyyətin göz yumması bildiriləcək.
Qeyd edək ki, mərasim bədii hissə ilə davam etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB