Qubadan Şamaxıya yol çəkilir

Artıq Quba-Şamaxı yolunun tikintisi reallaşıb. İndi Qubadan Şamaxıya və Şimal-Qərb rayonlarına getmək üçün paytaxtdan keçməyə ehtiyac qalmayacaq. SİA-nın Şimal bürosunun verdiyi xəbərə görə, yeni kəsə yol, Böyük Qafqaz dağları arasından çəkilməyə başlayıb. Sərt qayalıqlardan və dağ çaylarının üzərindən keçən Quba-Şamaxı yolunun uzunluğu 110 km, eni isə 12-metr olacaq. Yol boyu Baba çayı və Cimi çayları üzərindən ilk dəfə olaraq, hər birinin üzərindən 250 metr olan avtomobil körpüləri, həmçinin 20 yerdə su ötürücü qurğu inşa ediləcək. Artıq Şimal və Şimal-Qərb bölgələri üzrə hərəkət edən avtomobillər Bakı şəhərinə daxil olmadan birbaşa regionlararası marşrutlar üzrə hərəkət edəcəklər.

Müasir tələblərə müvafiq şəkildə inşa olunan yeni yol respublikamızın 2 regionunu birləşdirməklə bərabər, həm də Quba rayonunun 67 ucqar kəndində yaşayan əhalinin uzun illər yaşadığı yol problemi aradan qaldıracaq. Yolun bəzi hissələri əvvəlki kənd yollarının üzərindən qurulsa da əksər hissələr yenidən inşa edilir. Xüsusi ilə sürüşmə zonasında mövcud olan əvvəlki yollar artıq təhlükəli ərazilərdən kənarlaşdırılır.

Məlumat üçün bildirək ki, 2013-cü ildə istismara veriləcək Quba-Şamaxı yolu eyni zamanda, bölgədə yeni turizm marşrutlarının açılmasına xidmət göstərəcək. Qeyd edək ki, hazırda Qubanın yalnız Təngəaltı və Afurca turizm zonasına qədər 30-37 gedə bilən minik maşınları artıq dağların arasıyla Şamaxıya qədər rahat hərəkət edə biləcək. Qeyd edək ki, yol boyu yeni turizm obyektlərinin yaradılması nəzərdə tutulub.

Emin Kərimov

Bütün xəbərlər Facebook səhifəmizdə