Tələbələr üçün düşərgə

"EkoSfera" Sosial-Ekoloji Mərkəzi, IDEA – Ətraf Mühitin Qorunması üzrə Beynəlxalq Dialoq Kampaniyası, Gənclər və İdman Nazirliyi və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun birgə təşkilatçılığı ilə "Arxeologiya, Etnoqrafiya və Ekologiya" mövzusunda tələbələr üçün düşərgə təşkil etməyi planlaşdırır. SİA-nın xəbərinə görə, Qala Etno-Ekoloji Mərkəzin ərazisində keçiriləcək düşərgə 3 gün davam edəcək.

Düşərgənin 1-ci günü arxeologiyaya həsr olunacaq və "Ətraf mühit və memarlıq abidələri" mövzusunda keçiriləcək. Günün birinci yarısında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ekspertlərinin çıxışı, günün ikinci yarısında isə onların iştirakı ilə "Tarix abidələrinin və yaşayış ərazilərinin qorunmasında gənclərin və gənclər təşkilatlarının iştirakı" mövzusunda disput keçiriləcək. Gün ərzində Abşeronda aparılan arxeoloji qazıntılarda iştirak da nəzərdə tutulub.

Düşərgənin 2-ci günü "Mədəni idarəetmədə etnoqrafik aspektlər" mövzusuna həsr olunacaq. Gənclərimizin etnoqrafiya ilə yaxından tanış olması məqsədilə "Qala" Tarixi-Etnoqrafik Muzey Kompleksinin ziyarət edilməsi nəzərdə tutulub. Bununla yanaşı "Keramika", "Etnik mətbəx", "Fotoçəkiliş sənəti" üzrə master-klass təlimləri; moderator qismində Mədəniyyət və Turizm Nazirliyinin mütəxəssisi tərəfindən keçirilən "Folklor məktəbinin yaradılması" mövzusunda brainstorminq; professional rəqqasın iştirakı ilə etnik rəqs üzrə dans-klass təşkil olunacaq.

Düşərgənin 3-cü günü "Azərbaycan gəncləri və ekologiya" mövzusuna həsr olunacaq. Düşərgə iştirakçıları Beynəlxalq təhsil proqramları ilə yaxından tanış etmək məqsədilə magistratura pilləsi üzrə beynəlxalq proqramların məzunları ilə görüş keçiriləcək. Görüş zamanı bir neçə magistrın çıxışı nəzərdə tutulub. Düşərgənin 3-cü günü ekspertlərin iştirakı ilə "İctimai təşkilatların rəhbərləri ilə görüş, könüllü fəaliyyət və təşkilatların sosial məsuliyyəti" məzmunlu görüşlərin keçirilməsi planlaşdırılır. Azərbaycanda mövcud olan gənclər ekoloji hərəkatlarının rəhbərləri ilə düşərgə iştirakçılarının görüşməsi üçün dəyirmi masa keçiriləcək. Etno-Ekoloji Mərkəzin nəzdində təşkil olunmuş "EkoSfera"-nın Abşeron kiçik vəhşi heyvanların xilas edilməsi və reabilitasiyası stansiyasına kömək məqsədilə bəzi quruculuq işlərinin həyata keçirilməsi də düşərgə proqramına daxildir.

13 avqust tarixində ARDNŞ-nin Ekologiya İdarəsi düşərgə iştirakçılarının "Eko-Park"-ına səfərini təşkil edərək, həmin gün ərzində "ARDNŞ-nin Ekoloji layihələri" mövzusunda təqdimatın keçirilməsi; "Eko-Park"la tanışlıq ekskursiyasının təşkil edilməsi, o cümlədən, parkda quraşdırılan külək generatorları, günəş batereyaları və digər texnologiyalar barədə ətraflı məlumatın verilməsi; qapalı şitilxana kompleksində becərilən "Qırmızı kitaba"da adları düşmüş nadir bitki növləri haqqında məlumat verilməsi kimi tədbirlərin keçirilməsi də planlaşdırılır.

Hər bir düşərgə iştirakçısı tərəfindən bir fidanın xüsusi qablara köçürülməsi və həmin qabın üzərindəki lövhədə iştirakçının ad və soyadının yazılması da təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə