Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 9-15 avqust 2012-ci il tarixlərində Şəkidə reallaşdırdığı "Xəmsə" - "Yay Liderlik Məktəbi" artıq başlayıb. ATGTİ-dən SİA-ya verilən məlumata görə, artıq "Yay Liderlik Məktəbi"nin iştirakçıları (komandalar) layihənin keçirildiyi məkan Şəki "Cənnət bağı" istirahət kompleksinə çatıblar. Qeyd edək ki, ATGTİ "Yay Liderlik Məktəbi"nin komandaları dahi şairimiz Nizami Gəncəvinin "Xəmsə"sini təşkil edən əsərlərinin adlarını ("Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl", "İsgəndərnamə") daşıyırlar.
"Liderlik Məktəbi"nin komandaları ilə ümumi görüş keçirən ATGTİ-nin sədri Şahin İsmayilov İttifaqın fəaliyyəti haqda gəncləri məlumatlandırıb, ölkədə reallaşdırılan dövlət gənclərin siyasəti haqqında danışıb. Ş. İsmayilov: "Bu gün burada toplaşmış gənclər, dövlət gənclər siyasətinin uğurunun bariz nümunəsidir" - deyə qeyd edib.
Məlumat üçün bildirək ki, bu gün Gənclər və İdman nazirinin müavini İntiqam Babayevin, Şəki şəhər İcra hakimi Elxan Usubovun, ATGTİ-nin sədri Şahin İsmayilovun və Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İskəndərovun iştirakı ilə ATGTİ "Xəmsə" - "Yay Liderlik Məktəbi"nin açılış mərasimi keçiriləcək. Açılış mərasimində dövlət rəsmilərinin çıxışları dinləniləcək, eyni zamanda komanda kapitanlarına onların bayraqları təqdim edilərək, layihənin ümumi proqramı açıqlanacaq. Növbəti günlərdə isə komandalar müxtəlif təlimlərdə iştirak edərək, video-təqdimatlar keçirib, sosial gecələrdə fəallıqlarını nümayiş etdirərək layihənin qalib komandası adı uğrunda bir-birləri arasında mübarizə aparacaqlar. Qalib komanda "Embawood" və "Nil" mağazaları şəbəkəsi tərəfindən hədiyyələr qazanacaqlar.
Qeyd edək ki, bu ATGTİ-nin sayca reallaşdırdığı 5-ci "Liderlik Məktəbi"dir. 2010-cu ildən etibarən reallaşdırılan "Liderlik Məktəbi" layihəsində bu günə qədər 500-dən çox gənc iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB