Avqustun 9-da Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi il həyata keçirdiyi "Sosial tədqiqatlar yolu ilə əhalinin reklama münasibətinin öyrənilməsi" layihəsinin yekununa həsr olunmuş mətbuat konfransı keçirib. Tədbiri açan layihənin rəhbəri Elman Cəfərli layihə çərçivəsində görülən işlərdan danışıb. Qeyd edib ki, layihənin birinci mərhələsində Bakı şəhərində mütəxəssilərin iştirakı ilə dəyirmi masa keçirilib. Layihənin icrasına cəlb olunmuş KİV-lərdə mövqu ilə əlaqədar təbliğat xarakterli materiallar yerləşdirilib, araşdırma yazıları və müsahibələr dərc olunub.
4 aylıq layihə çərçivəsində Bakı və Muğan bölgəsində əhalinin reklama münasibətini öyrənilib, mütəxəssislərin rəyləri ictimaiyyətə çatdırılıb. KİV-də mövzu ilə əlaqədar maarifləndirmə işi aparılırb: "Araşdırmalarımız və Bakı və Muğan bölgəsi sakinləri arasında apardığmız sorğunun nəticələri göstərdi ki, insanlar reklamların dilindən, təqdimatından, səviyyəsində narazıdırlar. Mətnlər o səviyyədə təqdim edilir ki, tamaşaçı ilk andaca mətnlə vizual görüntü arasında ciddi uçurum olduğunu hiss edir. Rus, türki, ingilis dilindən ana dilimizə çevrilən mətnlərdə kifayət qədər qüsurlar olur. Əsasən də sözlərin, ifadə vasitələrinin dilimizdəki mövcud qarşılığının tapılması böyük bir bəlaya çevrilib. Reklam mətnlərinin tərcüməsilə o mətnlərin dilimizə uyğunlaşdırılması işini öz üzərinə götürən adamların əksəriyyəti dilçilik sahəsində naşı olanlardır. Reklam verən şirkətlər hansısa səbəbdən belə ciddi məsələni Azərbaycan dilini doğru-dürüst bilməyənlərə etibar edir. Bu da nəticə etibarilə dilimizin və xalqımızın əleyhinə işləyir".
Layihə rəhbəri deyib ki, təəssüf ki, bu gün baxdığımız reklamların əksəriyyəti xarici dillərdədir, bu da qanunvericiliyin tələblərini pozur. Reklamlarda nəzərə almırlar ki, reklamlar təkcə görüntüdən, ayrı-ayrı şəkillərdən, təsvirlərdən ibarət deyil. Həm də reklamlarda mətnlər var, sözlərin yazılışı, cümlələr var: "Reklam sahəsi kompleks bir sahədir. Bu yalnız dizayner, reklamçı işi deyil, həm də dilçilərin işidir. Reklam həm də zövq məsələsi olduğundan insanlarımız milli reklamlarımızın türk, rus və digər xarici telekanallarda yayınlanan reklam çarxları kimi baxımlı olmasını arzu edirlər. Reklam işi Azərbaycanda yenidir. İnsanlar elə bilir ki, xarici dili bilirsə reklamların hazırlanmasında, tərcüməsində iştirak edə bilərlər. Xarici reklamlar necə gəldi, bəzən ana dilimizin qaydalarını kobud şəkildə pozaraq, hərfi tərcümə ilə verilir. Bu sahədə problem çoxdur".
Hüquqşünas Alim Hüseynli deyib ki, telekanallar peşəkar reklam çarxları çəkməyə həvəs göstərmir, pul ayırmaq istəmir: "Tanınmış müğənnini efirə çıxarır, malı, məhsulu onun dili ilə reklam edirlər. "Mən ancaq bundan istifadə edirəm" dedirtməklə o malın yaxşı satılacağını gözləmək düzgün deyil. Haqlı sual çıxır: Sənin nə istifadə etməyinin cəmiyyətə nə dəxli? Hərənin öz zövqü, öz düşüncəsi var".
Hüquqşünasın fikrincə, bəzən reklamlar elə keyfiyyətsiz hazırlanır ki, anti reklama çevrilir. Bu isə, həmin şirkətlərin iflası ilə belə nəticələnə bilər: "Ona görə də, reklam işi ilə güclü bir qrup məşğul olmalıdır. Bu reklam verən şirkətlərin, brendini qorumaq istəyən firmaların da marağına uyğun olardı". Onun sözlərinə görə, reklamların tərcüməsində də problemlər də var, həmin reklamlarda effekt itirilir. Ekspert deyib ki, aparılan müşahidələr nəticəsində sosial reklamların azlığı ortaya çıxıb. Küçə reklamlarında Azərbaycan dilinin işlənmə faizinin aşağı olduğunu deyən A.Hüseynli Dil haqqında qanunun 7.1-ci maddəsini xatırladıb: "Qanunda göstərilib ki, bütün yazılar Azərbaycan dilində yazılmalıdır, yalnız zərurət olduqda digər dillərdə də verilə bilər, lakin xarici dildə olan variant Azərbaycan dilindən sonra gəlməli və şrifti daha kiçik olmalıdır".
A.Hüseynlinin fikrincə, "Reklam haqqında qanun"a əlavə və dəyişikliklər edilməlidir. Mənəvi cəhətdən reklamların qurbanına çevrilmiş insanların hüquqlarının qorunması qanunvericilikdə dəyişikliklər edilməsi ilə qorunsa daha etibarlı olar: "Bununla da istər reklam sifarişçilərinin, istərsə də reklam yayımçılarının məsuliyyəti güclənər. Reallıqdır ki, insan hüquqlarının ən çox pozulduğu sahələrdən biri də reklamlarla bağlıdır. Az qala hər saniyə bizi əhatə edən reklam kampaniyalarına inanıb bu və ya digər formada onun qurbanına çevrilirik. Reklam kampaniyalarını araşdırdıqda məlum olur ki, bu kampaniyaların böyük əksəriyyətini arxasında vətəndaşların aldadılması durur. Adi geyim reklamlarından tutmuş, məişət avadanlıqlarının alınmasına, turizm səfərləri ilə bağlı aparılan kampaniyalardan maşın salonlarının xidmətlərinə qədər. Bu da onu göstərir ki, reklam sifarişçiləri bir çox hallarda vətəndaşları aldadır, özü də düşünülmüş formada, qarşısındakının hüququna hörmət qoymadan. Reklam qanunvericiliyində bu məsələ xüsusi ilə ciddi şəkildə tənzimlənməlidir".
Layihənin koordinatoru Məlahət Xəlilova deyib ki, layhinənin yekununda problemdən çıxş yolları ilə bağlı təkliflər hazırlanaraq müvafiq dövlət qurumlarına göndərlib: "Təklif edirik ki, reklamlara ictimai nəzarət artırılsın. Bu məsələ Milli Televiziya və Radio Şurasının daimi nəzarətində olsun. Hesab edirik ki, dövlət dilinin qorunması ilə bağlı telekanaallarla effektiv iş aparan və xeyli uğurlu nəticəyə nail olan MTRŞ reklamların dili və təqdimatı məsələsində də uğur qazana bilər. Təklif edirik ki, icra orqanlarının nəzdində reklam şöbəsi yaradılsın.
Bu quruma mütəxəssislər - dizaynerlər, dilçilər, görkəmli ictimai-siyasi xadimlər, şair və yazıçılar, xalqın mədəniyyəti, etnoqrafiyasına bələd olanlar, eyni zamanda da reklam işi ilə məşğul olanlar cəlb edilsin. Reklamla məşğul olanlar onların reklam tərəflərinə, dizaynerlər dizayn işlərinə, dilçilər də dil məsələsinə baxmalıdır. Baki Şəhər İcra Hakimiyyəti ilə paralel olaraq Dilçilik İnstitutunda da reklam dili şöbəsi yaradılmalıdır və hər iki şöbə arasında sıx əlaqə olmalıdır. Dilçilik İnstitutunda reklam dili üzrə mütəxəssislər hazırlanmalıdır. Onlar nəinki paytaxtda, hətta respublikamızın müxtəlif yerlərində reklamlarla bağlı layihələr hazırlamalı, təkliflər verməlidir. Hesab olunur ki, bu da birbaşa reklamlarımızın dilini cilalamağa xidmət edəcək. Hesab edirik ki, bu tövsüyyələr nəzərə alınarsa, səviyyəli, zövqlü reklam çarxlarının sayı artacaq, televiziya və küçə reklamlarının təqdimatında dövlət dilinin normalarına əməl olunacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB