İnsanlar daha rahat danışacaq

Bakıda Dənizkənarı Milli Parkda qurulan yeni nəsil taksofonların sayı artırılacaq. Bu barədə SİA-ya Bakı Telefon Rabitəsi İstehsalat Birliyindən məlumat verilib. Məlumatda qeyd edilir ki, vətəndaşların rahatlığının təmin edilməsi onların informasiya texnologiyalarına çıxışının daha da asanlaşdırılması üçün bulvarın genişləndirilən ərazisində yeni taksofonlar qurulacaq.
Hazırda bulvar ərazisində insanların rahatçılığı üçün müəyyən ərazilərdə GSM tipli müasir taksofonlar var və tələb olunan vaxtlarda onların yerinin dəyişdirilməsi asandır. Taksofonlar həm kartla, həm də qəpiklə işləyir . Bu taksofon aparatları Çin, pavilyonları isə Fransa istehsalıdır. Taksofonların köməkliyilə internetə qoşulmaq mümkündür. İstifadəçilər bu aparatlar vasitəsilə "Skype"-a da qoşula bilərlər. Bundan başqa, taksofonlardan "Bluetooth" vasitəsilə mobil telefona foto və musiqi yükləmək mümkündür.Veb-taksofonlarda onlayn oyun və informasiya bölmələri də var. Menyu isə Azərbaycan və ingilis dillərindədir. Aparatlarda internetin 1 dəqiqəsi 2 qəpiyədir. "Bluetooth"dan bir dəfə istifadə isə 20 qəpikdir.

Şəhərdaxili zənglərin 1 dəqiqəsi 3 qəpik, ölkədaxili danışıqların 1 dəqiqəsi isə 7 qəpikdir. Mobil nömrələrlə 1 dəqiqə danışmaq 10 qəpiyə başa gəlir. İran, Türkiyə, Pakistan kimi ölkələrə zəng vuran zaman 1 dəqiqə 45 qəpiyə, BMT və Baltikyanı ölkələrə 36 qəpiyə, Avropa, Amerika və digər dövlətlərə isə 54 qəpiyə başa gəlir.

Bütün xəbərlər Facebook səhifəmizdə