Gənclər Dağıstanda önəmli görüşlər keçirib

Gənclər Dağıstanda önəmli görüşlər keçirib

Azərbaycan və Dağıstan Respublikalarının qeyri-hökumət təşkilatları, gənclər parlamentləri, gənclər təşkilatları və digər strukturları arasında əməkdaşlığın və partnyor əlaqələrin yaradılması məqsədilə 6-7 avqust tarixində Dağıstan Respublikasının Mahaçqala şəhərində Azərbaycandan olan aktiv gənclər təşkilatlarının təşəbbüsü ilə görüş baş tutub. Azərbaycan Gənclər Fondundan SİA-ya verilən məlumata görə, Azərbaycan nümayəndə heyəti Rusiya Federasiyasının Dağıstan Respublikasının Gənclər Siyasəti üzrə Komitəsinin sədri Zaur Kaxrimanov, Rusiya Federasiyasının Dağıstan Respublikası Xalq Təsərrüfatı İnstitutunun rektoru Yəhya Buçayev, Rusiya Federasiyasının Dağıstan Respublikasının Sahibkarlığın İnkişafı Mərkəzinin direktoru Vahab Vahabov, Mahaçqala şəhərinin Milli Məclisinin rəhbəri və deputatları, Rusiya Federasiyasının Dağıstan Respublikası Gənclər Parlamentinin sədri və deputatları və gənclər təşkilatlarının rəhbərləri ilə görüşlər keçiriblər. KİV nümayəndələrinin də iştirak etdiyi görüşdə, həmçinin hər iki ölkəni təmsil edən gənclər təşkilatları nümayəndələri də diskussiyalarda iştirak edib. Gələcəkdə qarşılıqlı əməkdaşlıq və birgə fəaliyyət haqqında müzakirələr aparıblar.

Azərbaycan nümayəndə heyətində Azərbaycan Gənclər Fondunu təmsil edən Strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Orxan Ərəbov Fondun əsas istiqamətləri, vəzifələri haqqında ətraflı məlumat verib. Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Dağıstan Respublikası xalqları arasında tarixən formalaşmış mehriban qonşuluq və dostluq münasibətlərinin önəmindən danışan sektor müdiri, bu münasibətlərin gənclər və gənclər təşkilatları səviyyəsində də davam etdirilməsinin zəruriliyi haqqında fikrini görüş iştirakçıları ilə bölüşüb. Gənclər Fonduna müxtəlif ölkələrdən müraciət mexanizmləri haqqında geniş məlumat verən sektor müdiri, Dağıstandan olan gənclər təşkilatlarının Azərbaycan gənclər təşkilatları ilə birgə əməkdaşlıq formatında layihə təklifi ilə Fonda müraciət edə bilmələrinin mümkünlüyünü də görüş iştirakçılarının diqqətinə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə