Diktor və aparıcılara yeni tələblər!

Diktor və aparıcılara yeni tələblər!

Azərbaycanda dilçiliyin inkişafı məqsədilə növbəti yenilik ediləcək. SİA-nın xəbərinə görə, bu barədə Azərbaycan dilinin inkişafına dair Dövlət Proqramının işçi qrupundan məlumat verilib. Məlumatda deyilir ki, Azərbaycanda televiziya diktorları və aparıcılarının dövlət dili üzrə sertifikasiyaya cəlb olunacağı gözlənilir. İşçi qrupunun rəhbəri Kamal Abdulla tərəfindən irəli sürülən təklif Dövlət Proqramının icrasına dair tədbirlər planının ilkin variantına salınıb.

Təklifə əsasən, televiziya aparıcıları Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunda təşkil olunacaq xüsusi kurslara cəlb ediləcəklər. Kursu bitirənlər müvafiq sertifikatla təmin olunacaqlar. Kursların mütəmadi olaraq ildə bir dəfə keçirilməsi nəzərdə tutulub.

İşçi qrupunun üzvləri gələcəkdə belə kurslara tək televiziya diktorları deyil, nazirliklərin əməkdaşlarının, ictimai sahədə fəaliyyət göstərən qurumların nümayəndələrinin cəlb olunmasını məqsədəuyğun hesab edib.

Xatırladaq ki, Prezident İlham Əliyev 2012-ci il mayın 23-də "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" sərəncam imzalayıb.

Qeyd edək ki, sertifikasiyadan keçməyənlərin işlə təmin olunmaması təklif edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə