“Abşeron broyler”dən bir daha olmayacaq

“Abşeron broyler”dən bir daha olmayacaq

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxs Yusif Şəfiyevə məxsus müəssisədə dövlət nəzarəti aparılıb.

Komitədən SİA-ya verilən məlumata görə, müəyyən olunub ki, müəssisədə becərilən təzə şampinyon və asılqal göbələyi uyğunluq sertifikatları olmadan istehsal edilir. Məhsulların markalanması düzgün aparılmır. Belə ki, becərilən təzə şampinyon göbələyinin saxlama müddəti standarta əsasən 2 gün olduğu halda, əsassız olaraq 10 gün göstərilir. Müəssisədə laboratoriya yoxdur, hər hansı bir akkreditasiya olunmuş sınaq laboratoriyası ilə müqavilə bağlanılmamışdır, beləliklə məhsulların sınağı aparılmadan satışa çıxarılır.

Həmçinin müəssisədə istehsal olunan "Abşeron broyler" əmtəə nişanlı toyuq içalatına və toyuq hissələrinə texnoloji prosesi reqlamentləşdirən texnoloji təlimat yoxdur. Məhsullar sertifikat olmadan istehsal olunur, məhsulların sınaqları aparılmır. Bundan başqa normativ sənədə əsasən broyler toyuq ətinin saxlama müddəti -12 dərəcə C-də 8 ay olsa da, məhsulun saxlama kamerasında tempratur göstəricisinin - 8 dərəcə C olduğu aşkarlanıb, məhsulun üzərində isə saxlama müddəti 12 ay göstərilib. Aşkar olunmuş nöqsanlara görə fiziki şəxs Yusif Şəfiyevə məxsus müəssisədə becərilən təzə şampinyon və asılqal göbələklərinin, həmçinin toyuq içalatının və toyuq hissələrinin istehsalı və satışı qadağan edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə